Tramp kütləvi ixtisarlara başlayır

   Tramp kütləvi ixtisarlara başlayır
  21 Yanvar 2025    Oxunub:418
ABŞ prezidenti Donald Trampın komandası federal qurumlarda genişmiqyaslı islahatlara başlayıb. Onun sələfi Co Bayden administrasiyası tərəfindən təyin edilmiş 1000-dən çox işçi ixtisar olunacaq.
AzVision.az xəbər verir ki, Donald Tramp sosial şəbəkələrdə, xüsusən də dörd yüksək profilli vəzifəli şəxsi işdən çıxarıldığını elan edib: aşpaz, Xose Andres; ABŞ prezidenti yanında İdman, Fitnes və Qidalanma Şurasının həmsədri və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş rəhbəri, general Mark Milli; Vudro Vilson adına Beynəlxalq Elmi Mərkəzin Qəyyumlar Şurasının üzvü Brayan Huk və Prezidentin İxrac Şurasının üzvü Keyşi Lens Bottoms.

Mənbələrin “Reuters” agentliyinə verdiyi məlumata görə, Tramp seçki kampaniyası zamanı haqqında danışdığı “dərin dövlət”lə (deep state) mübarizə apararmaq məqsədilə təxminən 50 min federal əməkdaşı işdən çıxara və onları sadiq şəxslərlə əvəz edə bilər.

ABŞ-nin yeni prezidenti, həmçinin “SpaceX” və “Tesla” şirkətlərinin sahibi və baş direktoru, milyarder İlon Maskın rəhbərlik edəcəyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE - Department of Government Efficiency) adlı ekspert qrupunun yaradılması haqqında sərəncam imzalayıb.

Yeni departamentin məqsədi bir sıra federal qurumları və iş yerlərinin dörddə üçünü ləğv etməklə dövlət xərclərini kəskin şəkildə azaltmaqdır. Bununla belə, DOGE, adındakı “department” sözünə rəğmən, bir departament deyil. Qurum hər hansı yenidən təşkili və ya hətta Maskın təklif etdiyi geniş miqyaslı ixtisarları həyata keçirmək üçün məhdud rəsmi səlahiyyətlərə malikdir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Tramp   ixtisarlar   DOGE  





Xəbər lenti