Druzların lideri Suriyada xarici qoşunlar görmək istəyir

   Druzların lideri Suriyada xarici qoşunlar görmək istəyir
  01 May 2025    Oxunub:525
Suriyada yaşayan druzların dini lideri ölkədə beynəlxalq güc tətbiq etməyə çağırır.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, aprelin 30-na keçən gecə əsasən druzların məskunlaşdığı Dəməşq əyalətindəki Sahnay yaşayış məntəqəsində hökumət qüvvələri ilə druzlar arasında toqquşmalar yaşanıb.

“Suriyanın yeni hökumətinin nəzarəti altında olan təhlükəsizlik qüvvələri şəhərin kənarında İsrail Hərbi Hava qüvvələrinə (HHQ) məxsus pilotsuz təyyarələr tərəfindən dəfələrlə hücuma məruz qalıb”, - ölkənin Daxili İşlər nazirliyinin məlumatında deyilir.

Bundan əvvəl “Al Mayadeen” telekanalı İsrail PUA-larının təhlükəsizlik qüvvələrinin cəmləşdiyi ərazilərə ən azı 5 zərbə endirdiyini bildirmişdi. Reydlər Dəməşqdəki keçid hökumətinin Daxili İşlər nazirliyinin rəsmilərinin paytaxtın cənub-qərbindəki druzların məskunlaşdığı Sahnaya ətrafına nəzarəti ələ keçirdiklərini və yerli silahlıları təqib etdiyini açıqladıqdan sonra baş verib.

Suriyada yeni döyüşlər: ölənlər var - VİDEO
Dəməşqdəki tibbi mənbələrdən verilən məlumata görə, günorta saatlarında Sahnayda yaşanan qarşıdurmalarda həlak olan təhlükəsizlik qüvvələri əməkdaşlarının sayı 11-dən 16-ya yüksəlib. Yaraqlıların itkiləri 6 nəfərə çatıb.

Bu arada məlum olub ki, druzların məskunlaşdığı Dəməşqin ətrafında - Jaramana və Sahnada iki gün davam edən qarşıdurmalardan sonra atəşkəs razılaşması qüvvəyə minib. Suriya telekanalının yaydığı xəbərə görə, Əs-Süveyda əyalətinin qubernatoru Mustafa əl-Bakur ölkənin yeni hakimiyyət orqanlarının nümayəndə heyətinin duruz icmasının ağsaqqalları ilə Dəməşq yaxınlığında keçirilən görüşündən sonra belə açıqlama verib.

- Suriya təhlükəsizlik qüvvələrinin patrullarına hücum edən və 20-yə yaxın əməkdaşın ölümü ilə nəticələnən hücumları törədən cinayətkarların hüquq-mühafizə orqanlarına təhvil verilməsi ilə bağlı razılıq əldə olunub”, - qubernator deyib.

Onun sözlərinə görə, görüş iştirakçıları həmçinin İsrailin Dəməşqin cənubunda “vətəndaş qarşıdurması törətmək məqsədi daşıyan” hadisələrə müdaxiləsini pisləyiblər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Suriya   druzlar   toqquşmalar  





Xəbər lenti