Vaşinqton Pekini danışıqlar masasına dəvət edir

   Vaşinqton Pekini danışıqlar masasına dəvət edir
  01 May 2025    Oxunub:483
ABŞ prezidenti Donald Trampın administrasiyası iki ölkə arasında artan tarif qarşıdurması ilə bağlı danışıqlara başlamaq üçün Çinlə əlaqə saxlayıb.
AzVision.az xəbər verir ki, Çinin “CCTV” dövlət televiziyası ilə əlaqəli “Yuyuantantian” hesabının sosial mediada yazdığına görə, ABŞ rəsmiləri müxtəlif kanallar vasitəsilə tarif danışıqlarına başlamağa hazır olduqlarını bildiriblər.

“Hazırda Birləşmiş Ştatlar danışıqlar məsələsindən çox narahatdır. Tramp administrasiyası bir sıra istiqamətlərdə təzyiq altındadır”, - məlumatda deyilir.

Qeyd edək ki, xəbər Vaşinqton və Pekin arasında mümkün ticarət danışıqlarına dair spekulyasiyaların artması fonunda ortaya çıxıb. Bununla belə, tərəflər ziddiyyətli mövqelərə malikdir. Tramp Çinlə dəfələrlə dialoq aparıldığını iddia etsə də, Pekin bunun əksini deyir.

Çin ABŞ mallarına rüsumu qismən ləğv etməyə hazırdır
Maraqlıdır ki, Donald Trampın ticarət məsələləri üzrə baş müşaviri Ceymson Qrir də aprelin 30-da “Fox News” telekanalına müsahibəsində Çinlə ticarət danışıqlarının aparılmadığını açıqlayıb.

Bundan əvvəl Tramp Pekinin danışıqlara razılıq verərsə, Çinə rüsumların yumşaldılacağına eyham vurmuşdu. Lakin Pekinə görə, hər hansı dialoqa başlamazdan əvvəl ABŞ gərginliyi azaltmaq barədə düşünməlidir.

Xatırladaq ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsi aprel ayında Trampın Çin mallarına 145% rüsum tətbiq etməsi ilə kəskinləşib. Bu addımı sərt şəkildə pisləyən Pekin Amerika mallarına 125%-lik gömrük rüsumları ilə cavab verib.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   ABŞ   Çin   danışıqlar  





Xəbər lenti