London və Paris Fələstini tanımağa hazırlaşır

   London və Paris Fələstini tanımağa hazırlaşır
  01 May 2025    Oxunub:558
Böyük Britaniya Böyük Britaniya bu il yayın əvvəlində Fələstin dövlətinin tanınmasını elan etmək planları barədə Fransa ilə müzakirələr aparır.
AzVision.az xəbər verir ki, Böyük Britaniyanın “The Guardian” nəşrinin yazdığına görə, bu addım BMT-nin himayəsi altında iyunun 2-4-də təşkil olunan “iki xalq üçün iki dövlət” planının həyata keçirilməsi üzrə beynəlxalq konfransa təsadüf edə bilər.

Parlamentin profil komitəsindəki çıxışında Böyük Britaniyanın Xarici İşlər naziri Devid Lemmi ilk dəfə olaraq təsdiqləyib ki, London və Paris Səudiyyə Ərəbistanının birgə sponsorluğu ilə keçiriləcək konfransla əlaqədar Fələstinin tanınması məsələsini müzakirə edirlər.

Eyni zamanda, o, əvvəllər Fələstin dövlətçiliyinin tanınması üçün zəruri şərtin Qəzza zolağında HƏMAS hərəkatının nümayəndələrinin hakimiyyətdən tamamilə uzaqlaşdırılması və bu təşkilatın liderlərinin muxtariyyəti tərk etməsi olduğunu vurğulamışdı.

“Fələstinin BMT Təhlükəsizlik Şurasının iki daimi üzvü tərəfindən tanınması Fələstin-İsrail nizamlanması sahəsində səylərə yeni təkan verə bilər, lakin buna gedən yolda bir çox diplomatik maneələr var. Əsas maneələrdən biri İsrailin müqaviməti olacaq. Çünki rəsmi Təl-Əviv Fələstinin tanınmasının HƏMAS və İranın mövqelərini gücləndirəcəyini düşünür”, - qəzet yazır.

Makronun Fələstin planının arxasında nə dayanır? - Ekspertlərin şərhi
Bundan başqa, Devid Lemmi çıxışında bildirib ki, London Fələstinin Böyük Britaniya və Fransa tərəfindən tanınmasının sırf simvolik bir jest olmasını istəmir. Onun sözlərinə görə, belə bir addım regionda vəziyyəti müsbət məcraya dəyişə və maksimum effekt verə biləcək bir vaxtda atılmalıdır.

Xatırladaq ki, aprelin 9-da Fransa prezidenti Emmanuel Makron Parisin iyun ayında Fələstin dövlətçiliyini tanıya biləcəyini deyib. 2024-cü ildə Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi fonunda İrlandiya, İspaniya və Norveç hakimiyyəti Fələstini tanıdıqlarını açıqladılar. İsrail buna cavab olaraq Dublin, Madrid və Oslodan səfirlərinin məsləhətləşmələr üçün geri çağırıldığını elan edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   London   Paris   Fələstin  





Xəbər lenti