Əhməd İsmayılov: Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir

      Əhməd İsmayılov:    Neqativ xəbər axınına qarşı informasiya immuniteti gücləndirilir
  02 May 2025    Oxunub:624
Son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formada təşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediada operativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınına qarşı dayanıqlı təbii müqavimət – informasiya immuniteti gücləndirilir.
Bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" adlı forumda çıxışında deyib. Ə.İmayılov ölkəmizin media gündəminin aktual əhəmiyyət kəsb edən ictimai məzmunlu məsələlərinin müzakirəsini hədəfləyən "İctimai proseslər media müstəvisində" adlı forumun artıq ikinci ildir dövlət-media dialoqunu formalaşdıran səmərəli platforma kimi fəaliyyət göstərdiyini vurğulayıb.

Agentliyin rəhbəri vurğulayıb ki, cəmiyyətin sosial sifarişi kimi meydana çıxan “İctimai proseslər media müstəvisində” platformasını yaratmaqda Medianın İnkişafı Agentliyinin məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək olmaqdır. Eyni zamanda ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsini daha da artırmaq da bura daxildir.

Ə.İsmayılov xatırladıb ki, bu il zəngin və şərəfli inkişaf yolu keçmiş Azərbaycan milli mətbuatı bu il özünün 150 illik yubileyini qeyd edir:

“1875-ci ildə maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti iki ilə yaxın fəaliyyəti dövründə mütərəqqi fikirli ziyalıları öz ətrafında birləşdirmiş, elm, maarif, mədəniyyət, incəsənət və kənd təsərrüfatının inkişafı ilə bağlı məqalələr dərc etmiş, xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparmışdır”.

İcraçı direktor deyib ki, maarifçilik xüsusiyyətləri ilə seçilən “Əkinçi” qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ümummilli məqsədlərin təbliği, ədəbi dilin zənginləşməsi, hadisələrin obyektiv işıqlandırılması kimi təməl yaradıcılıq prinsiplərini təcəssüm etdirən məktəb səviyyəsinə yüksəlib.

AzVision.az



Teqlər:





Xəbər lenti