"Ermənistan" Paşinyana qarşı impiçmentə hazırdır

   "Ermənistan" Paşinyana qarşı impiçmentə hazırdır
  02 May 2025    Oxunub:538
Keçmiş prezident Robert Köçəryana məxsus ən böyük müxalifət parlament fraksiyası olan “Ermənistan” partiyası baş nazir Nikol Paşinyana qarşı impiçment proseduruna başlamaq üçün 28 deputatının hamısının imzasını təqdim etməyə hazır olduğunu bildirib.
AzVision.az xəbər verir ki, Ermənistan qanunveriliciyinə əsasən, baş nazirə etimadsızlıq səsverməsi parlamentin ən azı 36 üzvünün prosesə başlamaq üçün tələb olunan imzaları təqdim edildikdə müzakirəyə çıxarıla bilər. Prosesin uğur qazanması üçün minimum 54 səs, yəni parlament üzvlərinin sadə səs çoxluğu tələb olunur.

“Yekdilliklə bildiririk ki, əgər belə bir prosesin təşəbbüskarları çatışmayan səkkiz deputatın imzasını təqdim edə bilsələr, impiçment prosesinin başlanması üçün bütün 28 deputatımızın imzasını təqdim etməyə hazırıq. Həmçinin impiçmentin uğurla başa çatması üçün lazımi sayda insanı təmin etmək qabiliyyətini və məsuliyyətini açıq şəkildə bildiririk”, - “Ermənistan” partiyasının parlamentdəki fraksiyasının bəyanatında vurğulanır.

Köçəryanın əlaltıları fraksiyanın həmişə Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasının Ermənistan üçün “həyati” zərurət olduğu ideyasını dəstəklədiyini iddia ediblər. Eyni zamanda, fraksiya küçələrdə kütləvi təzyiqə əl atmadan lazımi səsləri toplamaq mümkün olmayacaq. Fraksiyanın fikrincə, impiçment təşəbbüskarlarının uğur üçün zəruri olan etiraz kütləsini hələ yaratmaq imkanları yoxdur və bu təşəbbüsün “gizli məqsədi” var.

Ermənistanla Kiriyenko məşğul olacaq
Qeyd edək ki, bundan əvvəl “Artun Enk” hərəkatı 107 deputata Paşinyana qarşı impiçment təşəbbüsü tələbi ilə məktublar verib. Təşəbbüskarlar arasında Ermənistanın Polşadakı keçmiş səfiri Edqar Kazaryan və siyasətçi Narek Malyan da var.

Baş nazirə etimadsızlıq prosedurunu parlamentin gündəliyinə daxil edilməsi üçün 36 deputatın imzası tələb olunduğu halda, Ermənistanın qanunverici orqanının iki müxalifət fraksiyasındakı deputatların ümumi sayı 34-dür. Səsləri həlledici rol oynaya biləcək müstəqil deputatların heç biri məsələ ilə bağlı hələlik şərh verməyiblər.

Yeri gəlmişkən, mənbələrə istinad edən Rusiyanın “Vedomosti” qəzetinin yazdığına görə, Putin administrasiyası Ermənistanda informasiya gündəmi ilə işini gücləndirmək və 2026-cı ildə bu ölkədə keçiriləcək parlament seçkilərinə rusiyayönlü siyasətçiləri hazırlamaq qərarına gəlib. Bu sahə ilə Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun və onun tabeliyindəki idarələrin əməkdaşlarının məşğul olacağı bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Paşinyan   impiçment  





Xəbər lenti