Serbiyada 20 Yanvar faciəsinin qurbanları anılıb

Serbiyada 20 Yanvar faciəsinin qurbanları anılıb
  20 Yanvar 2025    Oxunub:350
Serbiyanın paytaxtı Belqradda 20 Yanvar Ümumxalq Hüzn Gününün 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirdə səfirliyin heyəti, Azərbaycan icmasının nümayəndələri, Azərbaycan Mədəniyyət və Dil Mərkəzi və “AzVirt” şirkətinin rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

Səfir Kamil Xasiyev qeyd edib ki, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun və daxili qoşunlarının Bakı, Sumqayıt, Lənkəran və Neftçala şəhərlərində mülki əhaliyə qarşı törətdiyi qətliam, Azərbaycanın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizənin əzmini qıra bilməyib:

"Bu vəhşi hərbi təcavüz nəticəsində 150 nəfər mülki şəxs həyatını itirib, 744 nəfər ağır yaralanıb və 4 nəfər itkin düşüb. Hadisənin ertəsi günü Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyə qarşı kəskin etirazını bildirib, təqsirkarların adlarını cəsarətlə dünyaya bəyan edib.

Müstəqilliyimizin bərpasından və Ümummilli Liderin ölkəmizdə yenidən hakimiyyətə qayıtmasından sonra 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi təmin edildi və bununla bağlı 1994-cü ilin martında Milli Məclis tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul olunub".

Hüzn əlaməti olaraq Azərbaycan Dövlət bayrağı səfirliyin ərazisində yarıya qədər endirilib, 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra tədbir iştirakçıları Taşmaydan parkına gələrək Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyublar.

AzVision.az


Teqlər:





Xəbər lenti