"Mask qalmaqalları"na görə "Tesla"nın gəliri 71% azalıb - "Forbes"

   "Mask qalmaqalları"na görə "Tesla"nın gəliri 71% azalıb    - "Forbes"
  23 Aprel 2025    Oxunub:398
"Tesla"nın 2025-ci ilin birinci rübündə xalis mənfəəti satışların zəifləməsi səbəbindən 71% azalıb.
Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir. Nəşr şirkətin maliyyə hesabatlarına istinad edib.

İlon Mask sürətlə kasıblaşır
"Mənfətin azalmasının səbəbləri arasında xarici bazarlarda rəqabətin artması və İlon Maskın Donald Tramp administrasiyasında iştirakı nəticəsində yaranan reputasiya itkiləri də var", - müəllif qeyd edib.

"Tesla" birinci rübdə 337 000 elektrikli avtomobil tədarük etdikdən sonra 19,3 milyard dollar gəlirlə 409 milyon dollar xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni rübü ilə müqayisədə 71% azdır.

"Bu, "Tesla"nın ilk dəfə satışla bağlı yaşadığı problemdən sonra- iki ildən çox müddət ərzində tədarüklərinin ən pis rübü idi. Şirkətin mənfəəti 595 milyon dollarlıq vergi güzəştləri ilə yüksəldi. Əgər bu, olmasaydı, itki ağır prosslərlə nəticələnərdi", - məqalədə yazılıb.

İtkilərə baxmayaraq, "Tesla" səhmləri Maskın hökumətdəki rolunu azaldacağını açıqlamasından sonra yüksəlib. Həmçinin, sərfəli modellərin istehsalı üzərində işlərin davam etməsinə dair açıqlama da yüksəlişə təsir edib.

"Tesla" həmçinin ticarət müharibəsinin biznesə təsiri barədə xəbərdarlıq xarakterli bəyanat da yayıb. Şirkət "Tramp tarifləri"nin və siyasi əhval-ruhiyyənin dəyişməsinin tələbata təsir edə biləcəyini iddia edib. "Tesla"nın idarəçiləri qeyd ediblər ki, ilk növbədə Çinə tətbiq olunan tariflər onların enerji biznesinə daha çox təsir edir.

O da vurğulanıb ki, "Tesla" 2025-ci ilin birinci yarısında başlayacaq sərfəli modellərin istehsalı üzərində işləri davam etdirir. Bu avtomobillər Model Y və Model 3 ilə eyni istehsal xətləri üzərində qurulacaq.

"Forbes"in jurnlisti qeyd edib ki, "Tesla"nın satışları hələ də çətinliklərlə üzləşir: "Elektrikli avtomobillərin xətti məsələsində problemlər var və "Cybertruck" hələ də böyük cəzbedici maşına çevrilməyib. Maskın siyasi baxışları da iqtisadi proseslərdə əks reaksiyaya səbəb olub".

Xatırladaq ki, bir müddət öncə “Tesla” şirkətinin baş direktoru, ABŞ-nin Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın sərvətinin 2024-cü ilin noyabrından bəri ilk dəfə 300 milyard dollardan aşağı düşməsi barədə də məlumat yayılmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Tesla   Mask   Gəlir  





Xəbər lenti