"Keçmişə qayıtmaq istəyərdim" - Məmmədyarovla ad günü söhbəti

"Keçmişə qayıtmaq istəyərdim" - Məmmədyarovla ad günü söhbəti
  12 Aprel 2018    Oxunub:2263
Bu gün Azərbaycanın dünya şöhrətli qrossmeysteri Şəhriyar Məmmədyarovun doğum günüdür.

Onun 33 yaşı tamam olur. Şahmatçı doğum günü ilə bağlı təəssüratlarını AzVision.az-la bölüşüb.
-12 aprel sizin üçün hansı anlamı ifadə edir?

-12 aprelə doğum günündən çox hesabat günü kimi baxıram. Ad günümü il ərzində etdiklərimin hesab günü kimi qeyd edirəm. İl ərzində nə etmişəm, nələr qazanmışam, nələr çatışmır, uğurlarım və uğursuzluqlarım - bütün bunlarla bağlı özümə məruzə edirəm.

12 aprel yeganə gündür ki, özümü həm tənqid edə bilərəm, həm də tərifləyə bilərəm. Bu gün ona görə də yaxşı və ya pis əməllərimin hesab günüdür. İnsan yaşlandıqca müdrikləşir, daha ağıllı olur. Mən həyatımdan bir il keçməyinə görə üzülmürəm. Yaşadığım illərin, zamanın ləzzətini alıram. Hər bir yaşın öz gözəlliyi və müdrikliyi var. Bu yaşı da çox yaxşı qarşılayıram və böyük ümidlərlə yeni yaşa qədəm qoyuram.



-Geriyə saysaq, elə bir dönəm və ya illər varmı ki, vaxtında atla sürətlə keçmisiniz, indi isə həmin illərdə piyada gəzib bir az xatirələrə dalmaq istəyəsiniz?

-Hər ilin öz mənası var. Sözsüz ki, keçmişə qayıdaraq nəyisə dəyişib, daha da yaxşı etmək istərdim. Məsələn, daha gənc olsaydım, şahmatla daha yaxşı məşğul ola bilərdim.

-“33”-ün kürəyini yerə vurmaq çətin olmadı ki?

-“32”dən “33”ə keçid qəribə il və qəribə hislər idi. Bu iki aralıqda uğurlarım oldu. Ümid edirəm ki, elə bu sürətlə də davam edəcək.



-Hansı hədiyyələr "Şah" ın könlünü oxşayar?

-Hədiyyə almağa öyrəşməmişəm. Çox az alıram. Ən böyük hədiyyə diqqətdir. İnsanlar yanımda olsunlar və mənə xoş şeylər arzulasınlar, bu, mənim bəsimdir .



Şahanə Rəhimli
AzVision.az


Teqlər: Şəhriyar-Məmmədyarov   Şahmat  





Xəbər lenti