Nazir qaz və işıq pulu ilə bağlı təklifə `yox` dedi

Nazir qaz və işıq pulu ilə bağlı təklifə `yox` dedi
  02 Dekabr 2016    Oxunub:20272
Maliyyə naziri Samir Şərifov millət vəkili Fəzail Ağamalının qaz və elektrik enerjisi üçün kvotanın artırılması ilə bağlı təklifinə münasibət bildirib.
Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib ki, Tarif Şurasının yeni qərarında əsas məqsəd aşağı qiymətlərdən bütün təbəqələrin istifadə etməsi ilə bağlıdır.

Nazir qeyd edib ki, imkanlı şəxslər limitdən artıq qaz və elektrik enerjisi istehlakına görə yeni tariflər üzrə ödəniş etməlidir: “Əhali arasında imkanlı adamlar da var. Kvota artırılsa, belə çıxır ki, həmin adamlar aşağı qiymətlərdən istifadə edəcək. Tarif Şurasının qərarında əks olunduğu kimi, varlı adamlar daha çox qaz və elektrik enerjisi istehlak etdiyindən daha çox ödəməlidir.

Əhalinin aztəminatlı təbəqəsinə gəlincə, artımın əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqəsinə təsirini azaltmaq üçün ünvanlı sosial yardım məbləğinin artırılması nəzərdə tutulur. Tarif Şurasının yeni qərarı ilə artan daxilolmaların əksər hissəsi ünvanlı sosial yardımların artırılmasına yönəldiləcək. Hesab edirəm ki, bu yanaşma düzgündür. Çünki tarif islahatının aparılması ilə əlaqədar əhalinin sosial həssas qruplarının müdafiəsi xüsusi önəm daşıyır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, kommunal xidmətlərin yüksək və keyfiyyətli göstərilməsi üçün bu qurumların maliyyə durumu yaxşı olmalıdır”.

Qeyd edək ki, millət vəkili Fəzail Ağamalı büdcə müzakirələri zamanı işıq və qaz üçün qoyulan kvotanın artırılmasını təklif edib: “Təklif edərdim ki, enerji üçün 250 kv/saat 500 kv/saat , 1500 kubmetr qaz isə 3000 kubmetr olsun. Rayonlarda insanlar evlərini daha çox qazla isidir. Verilən kvota buna təsir edir. Həmçinin Bakının bir çox yerində mərkəzləşmiş istilik sistemi olmadığından onlara da artım təsir edəcək”.

Oxşar xəbər: İşıq və qaz üçün qoyulan kvota artırılsın - Təklif


Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti