Maliyyə Bazarlarına Nəzarət Palatası təkzib yayıb

Maliyyə Bazarlarına Nəzarət Palatası təkzib yayıb
  25 Noyabr 2016    Oxunub:2200
Bəzi mətbuat orqanlarında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən “dövlətin əmanətlərin sığortalanması sistemindən çıxması” məzmunlu əsassız yazılar dərc edilmişdir. Bu məlumat həqiqəti əks etdirmir.
Maliyyə Bazarlarına Nəzarət Palatasından AzVision.az -a verilən xəbərə görə, Əmanətlərin sığortalanması sistemi “Əmanətlərin sığortalanması haqqında” və “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunları tənzimlənir.

“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2016-cı il martın 4-dən etibarən ölkə banklarındakı, qanunvericiliklə müəyyən edilmiş faiz dərəcəsi həddində olan fiziki şəxslərin bütün qorunan əmanətləri qarşıdakı 3 il müddətində tam sığortalanır. Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin 7-ci hissəsinə əsasən yalnız vətəndaşların hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, digər bütün hallarda isə normativ hüquqi aktların geriyə qüvvəsi yoxdur.

Qeyd olunub ki, Bankçılıq Forumunda çıxışı zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycanda bank əmanətlərinin sığortalanması sisteminin təkmilləşdirilməsinə və təkcə, əmanətçi olan vətəndaşların deyil, sahibkarların və biznesin vəsaitlərinin qorunmasına ehtiyac olduğunu bildirib.

O, həmçinin qeyd etmişdir ki, dövlət vəsaitləri hesabına Əmanətlərin Sığortalanması Fondunun əlavə kapitallaşmasına ehtiyac var. Yəni, Palata əmanətlərin sığortalanması sisteminin daha da təkmilləşdirilməsini və vətəndaşlarla yanaşı sahibkarlığın da maraqlarının qorunmasını təklif edir:

`Vətəndaşları bəzi KİV-də çıxan yanlış məlumatlara etibar etməməyə, mətbuatı isə həssas məsələlərin işıqlandırılması zamanı daha diqqətli olmağa dəvət edirik` - deyə məlumatda qeyd olunur.

AzVision.az


Teqlər:  





Xəbər lenti