İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq
![İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq İpoteka almaq istəyənlərin gəlirləri belə hesablanacaq](https://azvision.az/photos/14797254684530913232_1000x669.jpg)
Hesablama zamanı nəzərə alınan muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərdən ibarətdir. Sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Bu zaman borcalan (borcalanlar) ən azı son 24 ay müddətində sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdır. Sadələşdirilmiş vergi ödəyiciləri üzrə nəzərə alınan aylıq məcmu gəlirin məbləği, gəlir və xərclərin əsaslandırılmış təhlili əlavə olunmaqla, ticarət və istehsal sahələri üzrə ortaaylıq dövriyyənin 20 faizindən, xidmət sahələri üzrə isə 40 faizindən çox ola bilməz.
Qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərə faiz gəliri, dividend, qiymətli kağızlardan əldə olunan gəlirlər, əmlakın icarəyə verilməsindən gəlir və royalti aiddir.
Borcalanın (borcalanların) aldığı cari transfertlərə əmək pensiyaları, sosial müavinətlər (birdəfəlik müavinətlər istisna olmaqla), təqaüdlər, sığorta ödənişləri, maddi yardımlar (birdəfəlik maddi yardımlar istisna olmaqla) və aliment aiddir. Gəlirlərin hesablanması zamanı borcalanın (borcalanların) gəlirləri ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi üçün tələb olunan aylıq gəlirin ən çoxu 50 faizi həcmində nəzərə alınır. Borcalanın (borcalanların) xarici valyuta ilə əldə olunan gəliri bu gəlirin əldə edildiyi tarixdə Mərkəzi Bankın müəyyən etdiyi məzənnəyə müvafiq hesablanır. Borcalanın (borcalanların) gəlirləri vergi, əmək, sığorta, o cümlədən sosial sığorta və bank qanunvericiliyi ilə müəyyən edilmiş təsdiqedici sənədlərə əsasən hesablanır. Əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar ödəniş sənədinə daxil edildiyi ayda, əməkhaqqı, pensiya, müavinət, təqaüd isə hesablandığı dövrün gəlirində nəzərə alınır. Faktiki ödənilən alimentlər borcalanın (borcalanların) məcmu gəlirindən çıxılır, faktiki alınan alimentlər isə borcalanın (borcalanların) məcmu gəlirində nəzərə alınır.
Borcalanın (borcalanların) ortaaylıq gəliri müraciətindən əvvəlki ardıcıl gələn 12 ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Borcalanın (borcalanların) ortaaylıq gəliri hesablanarkən vergi, sosial sığorta haqları və digər məcburi dövlət ödənişləri borcalanın (borcalanların) gəlirindən çıxılır.
AzVision.az
Teqlər: