Qənirə Paşayeva AŞPA-nı kəskin tənqid etdi
Türkiyənin 9 milyard dollara yaxın köçkünlərlə bağlı xərcləri yanında beynəlxalq ictimaiyyətin, Avropanın 455 milyon dollar yardımı çox azdır və Avropa dəstəyini artırmalıdır. Eyni zamanda, müzakirə etdiyimiz məruzədə Türkiyədə köçkünlərin sayı 1,9 milyon göstərilib, amma rəsmi rəqəmlər 2,5 milyondur. Məruzəçinin bunu düzəltməsi vacibdir. Türkiyə köçkünləri qəbul etdiyi zaman etnik və dini kimlik ayırımı qoymur. Amma təssüf ki, bu münasibəti bir çox Avropa ölkələrində görə bilmirik. Biz onları Türkiyədən örnək almağa çağırırıq.
Bir neçə gün əvvəl Suriya və İraqdan köçkün düşmüş türkmənlərlə, onların təmsilçiləri ilə görüşdüyümüz zaman onlar bizdən səslərini burada duyurmağımızı istədilər. Köçkün düşmüş bu qardaşlarımız Avropanı onları köçkün salan səbəblərlə daha aktiv mübarizəyə çağırdılar. Səbəblərlə mübarizə güclənməzsə, köçkün sayı daha da artacaq və daha böyük problemlər ortaya çıxacaq. Ötən gün “Azərbaycanın işgal edilmiş Dağlıq Qarabağ və digər bölgələrində vəziyyətin gərginləşməsi” adlı məruzənin səsverməsi zamanı ortaya cıxan üzücü mənzərə kimi münasibətə yol verməməlidir, assambleyada belə münasibət olmamalıdır. Öz evinə dönə bilməyən və assambleyadakı müzakirələri izləyən 1 milyon azərbaycanlı köçkünlərin nə qədər böyük üzüntü duyduğunu burada mənim üçün anlatmaq çox çətindir. Onlar çox üzgün oldular. Bunları söyləməkdə məqsədim bilirsinizmi nədir? Assambleyanın belə münasibətlərinin doğru olmadığını bir daha açıq şəkildə vurğulamaqdır.
İnsanları köçkün salan səbəblərlə mübarizə aparmadan bunun nəticələrini, ortaya çıxan acı durumları, faciələrı önləmək də çox çətindir. Bir düşünün, insanlar nədən evini buraxıb qaçırlar? Onlar ölümdən, öldürülməkdən qaçırlar və belə insanlara etnik və dini kimliyindən asılı olmayaraq, fərq qoymadan dəstək göstərmək bütün Avropada, Avropa ölkələrində ilk öncə bir insanlıq vəzifəsi kimi qəbul edilməlidir`.