Cəbrayıl məktəbində ilin sonuna 400 şagird oxuyacaq

Cəbrayıl məktəbində ilin sonuna 400 şagird oxuyacaq
  05 Oktyabr 2024    Oxunub:1257
İşğaldan azad edilən yaşayış məntəqələrində yeni məktəb binaları istifadəyə verilir. Belə məktəblərdən biri də Cəbrayıl şəhər Mehdi Mehdizadə adına tam orta məktəbdir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.

Məktəbdə pedaqoji heyətin formalaşması başa çatıb. Bu barədə danışan Şərqi Zəngəzur Regional Təhsil idarəsinin müdiri Fuad Bədəlov deyib: “Sevindirici haldır ki, bütün müəllimlər Cəbrayıl şəhərinə köçürülən və vaxtı ilə Cəbrayıl rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərdir. Məktəbdə bütün fənlər üzrə ixtisaslı kadrlar çalışır. İlkin mərhələdə məktəbdə 122 şagird təhsil alacaq və ilin sonuna kimi şagird sayı 400 nəfər çatacaq”.

Ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti