ABŞ Rusiyaya qarşı müharibəyə başlayır?

ABŞ Rusiyaya qarşı müharibəyə başlayır?
  25 Yanvar 2016    Oxunub:4923
Dünyanın diqqəti Suriyada - müharibə riski artır

ABŞ-ın müdafiə naziri Eşton Karter bəyan edib ki, koalisiya qüvvələri İŞİD-lə daha effektli mübarizə aparmaq üçün Suriya və İraqda quru qüvvələrindən istifadə edəcək.

Onun sözlərinə görə, İraq və Suriyada İŞİD-lə mübarizə strategiyası çərçivəsində yerüstü əməliyyatlar həyata keçiriləcək: “Biz daha çox işlər görmək istəyirik, çünki İŞİD-ə qalib gəlməliyik. Mən əminəm ki, buna nail olacağıq, lakin mən prosesi sürətləndirmək istəyirəm”.

Analitiklərin fikrincə, koalisiya qüvvələrinin quru əməliyyatlarına başlaması birbaşa Rusiyaya qarşı müharibə elan etməkdir.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, koalisiya qüvvələrinin yerləşdirilməsi hələ böyük əməliyyatlara başlaması anlamına gəlmir: “Əlbəttə, koalisiya qüvvələrinin orada müəyyən fəaliyyət planı var. Ancaq, İraq və Suriyada İŞİD-lə mübarizə çərçivəsində hələlik kiçik qruplar yerləşdiriləcək. Çünki, böyük qoşunla İŞİD-ə qarşı müharibəyə başlamaq ABŞ üçün problemdir. Nəzərə almaqdır ki, ABŞ prezident seçkilərinə hazırlaşır. Belə ərəfədə ABŞ riskli addım ata bilməz”.



Politoloq hesab edir ki, Rusiyanın Suriyada yerləşməsi ABŞ-ın maraqlarına ziddir. Bu baxımdan ABŞ fəallıq nümayiş etdirərək Rusiyaya alternativ olmaq istəyir.

“ABŞ-ın Türkiyə ilə əməkdaşlığının güclənməsi məhz bununla əlaqədardır. Necə ki, 2003-cü ildə ABŞ qoşunları İraqa daxil oldu, indi də istəyirlər ki, İraq və Suriyada müəyyən qüvvələr yerləşdirilsin. Bununla Rusiyanın bu iki ölkəyə tam hakim olmasının qarşısını almağa çalışırlar”, - deyə E. Şahinoğlu vurğulayıb.

ABŞ-ın Rusiyaya qarşı açıq mübarizəyə başlaması hansı fəsadlara səbəb ola bilər?



Politoloqun fikrinсə, hazırda dünyanın düzənini ABŞ özü müəyyənləşdirir: “Bu baxımdan hesab etmirəm ki, bu hal böyük dövlətlərlə hansısa maraq kəsişməsinə, münaqişəyə səbəb olsun. Əlbəttə, Rusiya bundan narazıdır. Amma, ABŞ-a qarşı nə edə bilər? Rusiyanın narazılığı ondan ibarətdir ki, guya Suriya hakimiyyəti ABŞ-ı ora dəvət etməyib. Ancaq, Suriyada leqal hakimiyyət qalmayıb. Çünki, Bəşər Əsəd legitimliyini çoxdan itirib. Bu baxımdan ABŞ-ın Suriyada yerləşməsi Rusiyanın ciddi narahatlığına səbəb olsa da, buna qarşı hər hansı bir ciddi addım ata bilməyib”.

Politoloq Fikrət Sadıqov isə hesab edir ki, dünyanın aparıcı dövlətlərinin Suriya maraqları arxa plana keçib və hazırda Qərblə Rusiya arasında açıq qarşıdurma yaşanır.



“Bu gün Suriya ərazisində ABŞ və Rusiya arasında elan olunmamış müharibə gedir. ABŞ Suriyanın şimal-şərqində öz bazasını yaratsa, bu, Rusiya ilə qarşıdurmanın davamıdır”.

Politoloqun fikrincə, ABŞ-Rusiya qarşıdurması geosiyasi gərginliyi daha da gücləndirəcək, Suriyada stabillik məsələsi uzanacaq.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti