`Əsəddən istefaya getməyi xahiş etməmişik` – Kreml

`Əsəddən istefaya getməyi xahiş etməmişik` – Kreml
  22 Yanvar 2016    Oxunub:2816
Rəsmi Moskva Suriya prezidenti Bəşər Əsədə istefaya getməyi təklif etməyib.
AzVision.az `TASS`-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitriy Peskov bildirib.

“Xeyr, bu belə deyil”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, Britaniyanın `Financial Times` nəşri Rusiya prezidenti Vladimir Putin Suriyalı həmkarı Bəşər Əsəddən istifadəyə getməsinə çağırış etməsinə dair məlumat yayıb.

Nəşr yazır ki, yanvarın əvvəlində vəfat edən Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq rəisi İqor Serqun bu məlumatı çatdırmaq üçün şəxsən Suriyaya gedib. Suriya prezidenti Bəşər Əsəd bu təklifdən kəskin formada imtina edib.
Mənbənin sözlərinə görə, Əsəd Serquna bildirib ki, Rusiya və Suriya arasında münasibətlər Əsədin rəhbərliyi olmadan inkişaf edə bilməz.

Qeyd edək ki, Serqun yanvarın üçü vəfat edib. Rəsmi versiyaya əsasən o, ürək çatışmazlığından Moskva vilayətində istirahət evində ölüb. Lakin “Stratfor” təşkilatı öz hesabatında bildirib ki, Serqun yanvarın biri Livanda ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti