Dünyada şiə-sünni müharibəsi başlayır?

Dünyada şiə-sünni müharibəsi başlayır?
  06 Yanvar 2016    Oxunub:12166
48 şiə din xadiminin edam edilməsi ilə açıq müstəviyə keçən Səudiyyə Ərəbistanı-İran qarşıdurması müsəlman aləmini yeni müharibəyə sürükləyə bilər. Artıq bununla bağlı fikirlər səslənməkdədir.

ABŞ Mərkəzi Komandanlığının keçmiş komandanı, dəniz piyadalarının istefada olan generalı Entoni Zinni bildirib ki, Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginlik irimiqyaslı müharibəyə çevrilə bilər. Ölkələr arasında müharibə başlayarsa, digər müsəlman dövlətlər sünni-şiə bloklarında birləşərək açıq və ya dəstəkverici formada müharibəyə qatıla bilər.

Hadisələrin gedişi bu məcraya istiqamətlərə bilərmi?

Politoloq Fikrət Sadıqov hesab edir ki, iki ölkə arasında yaranan qarşıdurma çox təhlükəli hal almaqdadır: “Reallıq budur ki, hər iki tərəfin Suriya məsələsində mövqeyi fərqlidir. Yaxın Şərqdə və Suriya ətrafında baş verən proseslər fonunda iki ölkə arasında qarşıdurma uzun müddət idi ki, davam edirdi.



Bu ölkələr İslam dinin fərqli təriqətlərinə mənsubdurlar. Bu baxımdan onlar arasında həm siyasi, həm regional, həm də dini xarakter daşıyan münaqişə baş verir. Bu, təhlükəlidir. Çünki, hadisələrin arxasında faktiki olaraq Yaxın Şərq ölkələrinin münaqişəyə cəlb olunması durur”, - deyə F. Sadıqov vurğulayıb.

Politoloq hesab edir ki, iki ölkə arasındakı münaqişəyə Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və lider dövlətlər müdaxilə etməlidir.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə qeyd edib ki, iki dövlət arasındakı qarşıdurmanın tarixi qədimdir: “Bu gün İran özünü şiə, Səudiyyə Ərəbistanı isə sünni blokunun lideri sayır. Əvvəllər də bu ölkələr arasında müəyyən rəqabət vardı. Amma, indiki kimi münasibətlər gərgin deyildi. Hazırda iki ölkə arasında diplomatik münasibətlər kəsilib. Ona görə də hesab edirəm ki, yaxın zamanlarda münasibətlər bərpa edilməyəcək.



Ancaq, hazırkı qarşıdurmanın müharibəyə çevriləcəyini düşünmürəm. Hesab edirəm ki, hər iki dövlət “qırmızı xətti” gözləyəcək. Çünki, böyük enerji mənbələrinə malik dövlətlərin birbaşa qarşıdurmaya getməsi çox böyük fəlakətlərə gətirib çıxara bilər. Bunu hər iki tərəf anlayır”, - deyə E.Şahinoğlu vurğulayıb.

E. Şahinoğlu bildirib ki, faktiki olaraq hər iki dövlət arasında məzhəb qarşıdurması gedir: “Bu mübarizənin bir nümunəsi Suriyada özünü göstərir. Eyni zamanda Səudiyyə Ərəbistanının rəhbərliyi ilə İslam Koalisiyası formalaşıb ki, buna “sünni bloku” adı da verirlər. “Şiə bloku”na isə İran, Mərkəzi İraq hakimiyyəti, Hizbullah qruplaşması daxildir. Bu, İslamda parçalanamaya gətirib çıxara bilər. Çünki, hansısa idealogiyaya görə yox, məzhəbə görə qarşıdurmalar yaranır. Bu da dinimizdəki problemlərin həllini sürətləndirməlidir. Təəssüf ki, hələ uzun müddət belə məzhəblərarası qarşıdurmaların şahidi olacağıq”.



Səudiyyə Ərəbistanı-İran arasındakı gərginlikdə Azərbaycan hansı mövqedə dayanmalıdır sualına isə politoloq belə cavab verib: “Rusiyanın televiziya kanalları hazırki qarşdurmadan danışarkən süni və şiə xəritələrini ekrana gətirirlər, həmin xəritədə isə Azərbaycanı şiə rənginə boyayırlar. Bəli, nisbətə görə şiələr Azərbaycanda çoxluq təşkil edir. Ancaq nə yaxşı ki, bizdə milli mənsubiyyət məzhəb amilindən üstün gəlir. Məsələn, İranda yaşayan farslar da şiədir, azərbaycanlılar da. Ancaq millətçi azərbaycanlılar farsların siyasətindən narazırıdırlar. Ona qalsa sünni blokunun lideri sayılan Səudiyyə Ərəbistanı Azərbaycanın müttəfiqidir, işğal amilinə görə Ermənistanla diplomatik münasibətləri yoxdur, halbuki, şiə İranın işğalçı dövlətlə münasibətləri də var, yeni qaz kəməri çəkməyi planlaşdırır. Buna baxmayaraq, Səudiyyə Ərəbistanı-İran gərginliyində neytral qalmalıyıq, ən yaxşı halda vəziyyətdən "Biz Azərbaycana yaxın olan bu iki dövlət arasında münasibətlərin danışıqlar yolu ilə həllini arzulayırıq" açıqlamasıyla çıxmalıyıq”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti