`Azərbaycanla əlaqələrimiz nümunəvidir` - Marqvelaşvili

`Azərbaycanla əlaqələrimiz nümunəvidir` - Marqvelaşvili
  07 Noyabr 2015    Oxunub:3086
Noyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Marneuli rayonunda “Çay evi” tədris mərkəzi ilə tanış olublar.
AzVision.az xəbər verir ki, “Çay evi” tədris mərkəzi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və Prezident Giorgi Marqvelaşvili Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri ilə görüşdülər.

Dövlət başçıları görüşdə çıxış ediblər. Prezident Giorgi Marqvelaşvili çıxışında deyib:

“Mən Sizi və Marneuli ictimaiyyətinin nümayəndələrini salamlayıram. Mən şadam ki, bu gün cənab İlham Əliyev ilə birgə burada sizinlə - Gürcüstanın azərbaycanlı vətəndaşları ilə görüşmək imkanı əldə etmişik. Bu ictimaiyyət bizim vətəndaşlar kimi dövlətimizin tərkib hissəsidir. Bu rayonun sakinlərinə, burada yaşayan azərbaycanlılara Gürcüstanın inkişafına və Azərbaycan-Gürcüstan əlaqələrinin genişlənməsinə verdikləri töhfələrə görə minnətdarlığımı bildirirəm.

Ötən gün cənab İlham Əliyev ilə bizim mehriban dostluq əlaqələrimizi daha da inkişaf etdirmək üçün müzakirələr apardıq. Azərbaycan-Gürcüstan əlaqələri nümunəvidir. Bu nümunə hər iki ölkəni daha da möhkəmləndirəcək.

Biz buraya gələndə söhbət edərkən mərhum prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin uzaqgörənliklə bu dostluğa verdikləri önəmi xatırladıq. Onlar bizim əlaqələrimizin strateji istiqamətini müəyyən etmişlər. Bu gün bir daha əmin olduq ki, 20-25 il əvvəl onların qoyduqları bünövrə bizim gələcəyimizin əsas yolunu müəyyən edib.

Mən çox sevinirəm ki, bu gün sizinlə görüşə gəlmişəm. Əminliklə deyə bilərəm ki, bütün Gürcüstan xalqı İlham Əliyevə məhəbbətlə yanaşır. Bilirəm ki, siz də İlham Əliyevi ikiqat istəyirsiniz. Mən sevinirəm ki, rayonda böyük inkişaf var. Bu yeniliklər sizin səyinizlə və Azərbaycanın bölgəyə, iqtisadiyyata dəstəyi vasitəsilə yaranıb. Mən qeyd etmək istəyirəm ki, bu dəstək təkcə Marneulidə deyil, hər yerdə nəzərə çarpır. Gürcüstanın iqtisadiyyatının gücləndirilməsində Azərbaycan ilə tərəfdaşlıq mühüm rol oynayır. Bu dəstək sosial layihələrin reallaşdırılmasında da nəzərə çarpır. Bu gün bütün bağçalarda istilik sistemi mövcuddur. Mən deyərdim ki, bir çox kilsələr və digər müəssisələr istiliklə təmin olunublar. Bundan başqa bir çox mədəni, idman və elmi layihələrə kömək göstərilir. Bunu görməmək mümkün deyil. Bütün bunları bizim dost Azərbaycan dost Gürcüstan üçün edir. Mən iftixar hissi ilə deyə bilərəm ki, bölgədə həyata keçirilən bütün layihələr öz bəhrəsini verir”.

Gürcüstan Prezidenti qeyd edib ki, bu bölgənin vətəndaşları daha sıx iqtisadi, siyasi və mədəni inteqrasiyaya meyillidirlər:

“Burada bilikli və istedadlı insanlar çoxdur. Onların siyasi proseslərdə yaxından iştirak etməsi Gürcüstan dövlətinin gücü deməkdir. Bizim xalqlarımız və dövlətimiz daha çox inkişafa impuls verən layihələrin reallaşdırılmasını istəyirlər. Bu layihələrin reallaşmasına İlham Əliyevin istəyi təkan verir. İlham Əliyev çox ürəyiaçıq insandır və mən prezident kimi Azərbaycana səfər edəndə məni çox mehribanlıqla qəbul etdi. Mən də çalışıram ki, cənab İlham Əliyevin Tbilisiyə səfəri zamanı az da olsa sizdə gördüyüm qonaqpərvərliyin qarşılığını verə bilim.

Bu yaxınlarda Azərbaycanda seçkilər keçirildi. Cənab Prezident bu siyasi prosesdən dərhal sonra vaxt taparaq Gürcüstana səfər edib. Bu, gözəl jestdir. Ona bu jestinə görə təşəkkürümü bildirirəm. Bunu bütün dünya görür və bütün dünya başa düşür ki, Azərbaycan-Gürcüstan əlaqələri necə böyük əhəmiyyət kəsb edir. Bir daha çox sevinirəm ki, bizim istəkli qonağımız İlham Əliyev ilə buradayıq. Hər zaman sizin xidmətinizdə durmağa hazırıq”.

Gürcüstan Prezidenti bölgədə gürcü dilinin öyrənilməsi layihəsinin həyata keçirilməsi prosesindən danışıb və bildirib ki, bu amil azərbaycanlı əhalinin ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal mövqe tutmaları üçün əsas şərtdir.

Gürcüstan öz mədəniyyətini, adət-ənənələrini qoruyan azərbaycanlı vətəndaşları ilə güclüdür, - deyən Prezident Giorgi Marqvelaşvili daha sonra burada həyata keçirilən layihələrdən danışaraq deyib:

“Mən burada uğurla həyata keçirilən infrastruktur layihələrini görürəm. Əsasən kənd təsərrüfatı sahəsində olan layihələri. Gürcüstan böyük potensiala malik aqrar dövlətdir. Təəssüf ki, bəzi səbəblərə görə bizim ərzağa olan tələbatımızın 9 faizi daxili istehsal hesabına təmin edilir. Bu, çox kiçik göstəricidir. Lakin elə bu 9 faizdə də bizim azərbaycanlı vətəndaşlarımızın rolu böyükdür. Biz bu sahədə layihələri elə reallaşdırmalıyıq ki, Avropa bazarına çıxa bilək. Biz keçən il Avropa İttifaqı ilə “Azad ticarət haqqında” müqaviləyə imza atdıq. Bu, bizə böyük imkanlar yaratdı. Ancaq təbii, Avropa standartlarına cavab verən məhsul istehsal etməliyik və dünyaya məhsul çıxaran ölkələrlə rəqabətə girməliyik. Burada bu potensial var və biz bunu həyata keçirməliyik. Bunun üçün bizə müasir texnologiya və avadanlıq lazımdır.

Mən çox sevinirəm ki, bu sahədə də cənab İlham Əliyev bizə dəstək verir. Ən müasir istixanaları misal gətirmək istəyirəm. Daha bir sahəni qeyd etmək istəyirəm. Bu, turizm və onunla bağlı xidmətlərin göstərilməsidir. Bununla əlaqədar rayonun icra hakimiyyəti və digər qurumlar birləşib bu sahədə potensialı araşdırıb öyrənməli, təkliflərini təqdim etməlidirlər. Turizm çox gəlirli sahədir. Bundan başqa, çox mühüm geosiyasi və geostrateji layihələr reallaşdırılacaq. Dünən biz bu məsələ ilə bağlı cənab İlham Əliyevlə müzakirə apardıq. Bu layihələr bizə yüklərin, enerji daşıyıcıları tranzitini artırmağa, logistik mərkəzlərin yaradılmasına imkan verə bilər.

Burada gördüyüm canlanmaya görə təşəkkür edirəm. Buradakı əhval-ruhiyyə bizim gələcək əməkdaşlığımızın daha uğurlu olacağı ümidini verir. Mən bir daha cənab İlham Əliyevə “çox sağ olun!” demək istəyirəm. Onu bir daha gözəl Marneulidə salamlayıram”.


Teqlər:  





Xəbər lenti