Haqari: "7 oktyabr hücumunun təkrarlanmasına icazə verməyəcəyik" - VİDEO

      Haqari:    "7 oktyabr hücumunun təkrarlanmasına icazə verməyəcəyik" -  VİDEO
  01 Oktyabr 2024    Oxunub:1264
"Terror qruplaşması ("Hizbullah" - red.) sərhədə yaxın kəndlərdən İsrailin yaşayış məskənlərinə (ötən il - red.) oktyabrın 7-dəki kimi hücum həyata keçirmək üçün məskən salmışdı".
Bu ifadələri İsrail Ordusunun mətbuat katibi Daniel Haqari xalqa videomüraciətində dilə gətirib. Onun sözlərinə görə, "Hizbullah" son vaxtlar İsrailə qarşı "Qalileyanın fəthi" adlı işğal planı hazırlayıb.

"Onların məqsədi İsrailə məxsus kəndlərə hücum çəkmək, günahsız kişi, qadın və uşaqları qətlə yetirmək idi. Hər hansı sərhədimizdə (ötən il HƏMAS-ın hücumunun baş verdiyi - red.) 7 oktyabr hadisənin təkrarlanmasına imkan verməyəcəyik", - Haqari bildirib.

Xatırladaq ki, həmin tarixdə Fələstinin HƏMAS təşkilatının 3000-ə yaxın terrorçusu qurudan, havadan və dənizdən İsrail sərhədini keçərək, 1200 nəfəri öldürmüş, əksəriyyəti mülki şəxslərdən ibarət 251 nəfəri girov götürmüş, günahsız şəxslərə qarşı zorakılıq və cinsi təcavüz aktları həyata keçirmişdi. Bu hücum nəticəsində Qəzzada indiyədək davam edən İsrail-HƏMAS müharibəsi başlayıb.

O günlərdən etibarən İsrail həmçinin "Qəzzaya, Fələstinə dəstək naminə" ölkənin şimal ərazilərinə mütəmadi raket zərbələri endirən iranyönümlü "Hizbullah" terror təşkilatı ilə də mübarizə aparırdı. Son vaxtlar xüsusilə gərginləşən toqquşmalar bu gün İsrailin "Hizbullah"a qarşı Livanda quru əməliyyatına başlaması ilə nəticələnib.

"Livan dövləti və dünya "Hizbullah"ı sərhədimizdən uzaqlaşdıra bilmirsə, bu işi özümüz görəcəyik. Müharibəmiz Livan xalqına yox, İranın dəstəklədiyi terror qruplaşmasına qarşıdır. İsrail Ordusu mülki əhalinin ziyan görməməsi naminə tədbirlər görməkdədir", - Haqari diqqətə çatdırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   Livan   müharibə  





Xəbər lenti