ISW: “Rusiya Ukrayna şəhərlərini “diplomatik” yolla tutmaq istəyir”

      ISW:    “Rusiya Ukrayna şəhərlərini “diplomatik” yolla tutmaq istəyir”
  27 Fevral 2025    Oxunub:381
Rusiya Ukrayna qarşısında bir neçə böyük şəhəri, o cümlədən Zaporojye, Xerson və Kramatorsku təslim etmək tələbini qoyur.
AzVision.az xəbər verir ki, Amerikanın Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya Ukraynanın Zaporojye, Donetsk, Luqansk və Xerson vilayətlərini tamamilə ələ keçirmək niyyətini bəyan etməkdə israrlıdır. Halbuki, Zaporojye (706 min nəfər), Xerson (275 min) və Kramatorsk (147 min) kimi böyük şəhərlər Ukraynanın nəzarətindədir.

“Rusiyanın hərbi hücumu faktiki olaraq dayanıb - Rusiya ordusu texnika və canlı qüvvə baxımından əhəmiyyətli itkilər verir. Ona görə də, Kreml diplomatik təzyiqlərdən istifadə edərək Ukraynanı güzəştə getməyə və şəhərləri üzərində nəzarətdən əl çəkməyə çalışır”, - ISW-nin hesabatında iddia olunur.

Lavrov: “Müharibə dondurulmayacaq”
İnstitutun ekspertləri ABŞ nümayəndələri ilə danışıqlara birbaşa qatılan Rusiya rəsmilərinin Ukraynada müharibənin həlli üçün istənilən sülh sazişinin 2021-ci ilə qədər Rusiyanın qoyduğu tələblərə əsaslanmalı olduğunu israr etdiklərini bildirirlər. Onlar, həmçinin Kiyevdən hazırda Ukrayna qoşunlarının nəzarətində olan və iri şəhərlərin və bir milyondan çox insanın yaşadığı əraziləri Rusiyaya verməsini tələb edirlər.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dünən bildirib ki, Rusiya Konstitusiyası Rusiyanın sərhədlərinin Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin bütün bölgələrini əhatə etdiyinə görə, Ukraynada hazırkı cəbhə xəttinin dondurulmasını nəzərdə tutan danışıqların aparılması qeyri-mümkündür.

ISW-nin amalitiklərinin fikrincə, Rusiyanın Xarici İşlər nazirliyi əslində Moskvanın uzun müddətdir ki, Ukraynaya qarşı irəli sürdüyü maksimalist tələbləri “yenidən formatlaşdırır”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Ukrayna   ərazilər  





Xəbər lenti