ABŞ İstanbuldakı qapalı danışıqların nəticələrini açıqlayıb

   ABŞ İstanbuldakı qapalı danışıqların nəticələrini açıqlayıb
  28 Fevral 2025    Oxunub:434
Rusiya və ABŞ nümayəndə heyətləri İstanbulda danışıqlar zamanı diplomatik missiyaların işinin sabitləşdirilməsi istiqamətində ilk addımları müəyyən ediblər.
AzVision.az xəbər verir ki, ABŞ Dövlət departamentinin saytında yerləşdirilmiş məlumatda belə deyilir.

“Birləşmiş Ştatlar bank və müqavilə xidmətlərinə çıxış, eləcə də ABŞ-nin Moskvadakı səfirliyində sabit və dayanıqlı kadrların təmin olunması zərurəti ilə bağlı narahatlığını ifadə edib”, - Dövlət departamentindən bildiriblər.

Qurumun press-relizində deyilir ki, konstruktiv müzakirələr zamanı hümayəndə heyətləri bu sahələrdə ikitərəfli missiyaların sabitləşdirilməsi üçün konkret ilkin addımları müəyyənləşdiriblər.

Xatırladaq ki, nümayəndə heyətləri dünən İstanbulda görüşüblər. ABŞ heyətinə Dövlət katibinin köməkçisinin müavini Sonata Koulter, Rusiyanın nümayəndə heyətinə isə Rusiyanın Vaşinqtonda səfir vəzifəsinə namizəd adlandırılan Rusiya XİN-nin Şimali Amerika departamentinin direktoru Aleksandr Darçiyev rəhbərlik edirdi. Altı saat yarım davam edən danışıqlar ABŞ-nın Arnavutköy bölgəsindəki baş konsulunun iqamətgahında keçirilib.

ABŞ Dövlət departamentinin məlumatına görə, Koulter və Darçiyev yaxın vaxtlarda bu məsələlərlə bağlı daha bir görüşün keçirilməsi barədə razılığa gəliblər. Lakin onun tarixi və yer hələ müəyyən edilməyib.

Rusiya XİN-nin rəsmisi Mariya Zaxarovanın daha əvvəl dediyinə görə, danışıqlar ekspertlər səviyyəsində baş tutub, onların məqsədi tərəfləri “ortaya çıxan fikir ayrılıqlarının aradan qaldırılmasına yaxınlaşdırmaq" “etimad quruculuğu tədbirlərinin gücləndirilməsi” olub. Rusiyanın Xarici İşlər nazirli Sergey Lavrov isə Moskva və Vaşinqtondakı səfirliklərin işini İstanbuldakı görüşün mövzusu adlandırıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İstanbul   ABŞ   Rusiya  





Xəbər lenti