Məşhur telefon dələduzu naziri necə doladı?

Məşhur telefon dələduzu naziri necə doladı?
  22 Oktyabr 2015    Oxunub:4147
Moldovada rusiyameylli qüvvələrin qərbpərəst hökuməti nüfuzdan salmaq və hakimiyyətdən uzaqlaşdırmaq üçün hərəkətə keçdiyi bir vaxtda Kremlə bağlı telefon dələduzları bu ölkənin daxili işlər nazirini dolayıb.
Virtualaz.org saytı xəbər verir ki, bundan əvvəl də əsasən Rusiyanın hədəfində olan keçmiş sovet respublikalarında dövlət rəhbərlərini və nazirləri dolayan məşhur telefon dələduzu, “Leksus” ləqəbli Aleksey Stolyarov bu dəfə özünü Ukraynanın daxili işlər naziri Arsen Avakov kimi təqdim edərək Moldovanın daxili işlər naziri Oleq Balana zəng edib.

“Leksus” Oleq Balanla telefon danışıqlarının bir hissəsini Federal Təhlükəsizlik Xidmətinə yaxın “Lifenews” kanalına ötürüb. Bu telefon söhbətində “Arsen Avakov” Moldovada rusiyameylli qüvvələrin etirazlarının yatırılmasında kömək təklif edir.

Moldova daxili işlər naziri isə ukraynalı həmkarı ilə danışdığına əmin olaraq ondan xahiş edir ki, nümayişləri dağıtmaq üçün 500 min Moldova leyi dəyərində qaz qumbaraları satsın.

Oleq Balan bu məqsədlə nəzərdə tutulan vəsaitin büdcədən ayrıldığını və artıq onun sərəncamında olduğunu deyir, xüsusi vasitələrin Moldovaya ancaq polis maşınlarında göndərilməsini xahiş edir.

Telefon dələduzu daha sonra danışıqların növbəti hissəsini yayıb. Bu dəfə məlum olur ki, “Arsen Avakov” Moldova daxili işlər nazirini rusiyameylli moldovalı siyasətçi və biznesmen Renat Usatıyın Ukraynada olduğuna, yerinin təsbit edildiyinə inandırır. Ona təklif edir ki, iş adamını tutmaq üçün Ukraynaya əməliyyat qrupu göndərilsin.

Moldova daxili işlər naziri bu işlə məşğul olmağı müavini Valeri Kojukara tapşırır. Bu dəfə Oleq Balanın tapşırığı ilə “Avakov”a o zəng edir.

“Mənim adım Valeradır. Rəhbərliyim tapşırıb ki, sizinlə əlaqə saxlayım. Mən respublika DİN-in xüsusi əməliyyatlar idarəsinin rəis müaviniyəm. Vəziyyəti iki sözlə mənə izah ediblər. Renat Usatıyı yaxşı tanıyıram. O, ağlasığmaz adamdır, nə istəsə eləyə bilər. Bilet sifariş edər, ancaq gəlməz. Çünki avantüristin biridir”- deyə Valeri Kojukara bildirir.

Daha sonra tərəflər razılaşırlar ki, telefon danışığının ertəsi günü Kojukara Renat Usatıyın dosyesi ilə birlikdə Odessaya gəlsin və iş adamının saxlanılması üçün əməliyyat keçirilsin.

“Avakov” ona məlumat verir ki, Usatıy hazırda Odessadadır və rusiyameylli fəallarla, iş adamları ilə görüş keçirir. Bu zaman Kojukara emosiyalarını cilovlaya bilmir və Usatıyın necə ağlasığmaz biri olduğunu bir daha deyir.

“O, sürprizlər xoşlayır, özünü axmaq yerinə qoyub, ancaq əslində belə deyil, oyun oynayır”- o bildirir.

Xatırladaq ki, Renat Usatıyın adı Moldova banklarından 1 milyard dollara yaxın vəsaitin yoxa çıxması işində hallanır. Bu qalmaqal Moldovada ciddi siyasi böhrana səbəb olub və Avropa İttifaqı ilə Assosiasiya sazişi bağlayan hökuməti nüfuzdan salıb.


Teqlər:





Xəbər lenti