Azərbaycan Avrasiya logistikasında önəmli rol oynamağı hədəfləyir

   Azərbaycan Avrasiya logistikasında önəmli rol oynamağı hədəfləyir
  01 Oktyabr 2024    Oxunub:725
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Sıfır emissiyalı dəniz, yük logistikası və nəqliyyat" mövzusunda dəyirmi masa keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycanın Şərqlə Qərbin kəsişməsində yerləşdiyi və bunun logistik baxımdan bir çox yeni fürsətlər yaratdığı qeyd olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov fərqli nəqliyyat sistemlərindən və onların yaşıl enerjiyə keçid yollarından bəhs edib, Azərbaycanın Avrasiya logistikasında önəmli rol oynamağı hədəflədiyini bildirib. O, həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Avrasiya və dünya logistikasında çox önəmli rol oynayacaq.

Nazir müavini hava nəqliyyatının müasirləşdirməsindən də bəhs edib.

Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Vüsal Ağayev təmsil etdiyi qurumun gördüyü işdən bəhs edib, karbon emissiyalarının azaldılması yönündə həyata keçirilən tədbirlərin müsbət nəticələrə səbəb olacağına inandığını ifadə edib.

Ticarət inkişaf etdikcə nəqliyyata daha böyük ehtiyac yaranacağını vurğulayan Dünya Bankının Azərbaycan üzrə meneceri Stefnia Stellmaster qeyd edib ki, buna görə də indidən alternativ dəhlizlərin yaradılması zəruridir.

“Resilience4ports” şirkətinin direktoru Darşana Godaliyadde bildirib ki, Bakı dəniz limanının çirklənmə mövqelərinin təyin edilməsini yüksək hal kimi qiymətləndirir, riskli sahələri müəyyən etməyin vacibliyini vurğulayıb. Qeyd olunub ki, yeni yaranan modellərdə davamlılıq və dayanıqlılıq da nəzərə alınmalıdır.



"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Rüstəmov bildirib ki, sıfır emissiyalı nəqliyyata nail olmaq üçün ölkələr və şirkətlər bir-biri ilə sıx əməkdaşlıq etməlidir.

Tədbir zamanı çıxış edənlər karbon istehsalını azaltmağın önəmindən danışıb, Orta Dəhlizin daha təmiz enerji koridoru olduğu hesab edildiyini qeyd ediblər. Vurğulanıb ki, buna görə də Orta Dəhlizə daha böyük önəm veriləcək.



Azərbaycan yaşıl enerjiyə keçid sahəsində artıq böyük əmək sərf etdiyi, ölkəmizin həyata keçirdiyi layihələrin region ölkələri üçün də ilham mənbəyi olacağı diqqətə çatdırılıb.

Dəyirmi masa çərçivəsində, həmçinin "Sıfır emissiyalı yükdaşımalar üzrə Bəyannamə" imzalanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti