WSJ: “İqtisadçının sözləri Si Cinpini qəzəbləndirib”

      WSJ:    “İqtisadçının sözləri Si Cinpini qəzəbləndirib”
  09 Yanvar 2025    Oxunub:503
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin ölkə hakimiyyətinin real iqtisadi göstəricilərini yüksək qiymətləndirməsinə və Pekinin iqtisadiyyatdakı problemləri həll etmək qabiliyyətinə şübhə ilə yanaşan iqtisadçı barədə istintaqın başlamasına göstəriş verib.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “The Wall Street Journal (WSJ)” qəzetinin yazdığına görə, Çinin lideri Si Cinpin Pekinin ölkənin iqtisadi artım məlumatlarını şişirtdiyini iddia edən çinli iqtisadçı Qao Şanvenin sözlərindən qəzəblənib.

Mənbələrin dediyinə görə, Si Cinpin Çində son illərdə real ÜDM-in artım templərinin rəsmi qiymətləndirmələrdən iki dəfədən çox aşağı olması ehtimalını səsləndirən iqtisadçının cinayət məsuliyyətinə cəlb olunmasını əmr edib.

“Çin iqtisadiyyatının real artımının dəqiq göstəricilərini bilmirik. Təxmin edirəm ki, real ÜDM artımı son iki-üç il ərzində orta hesabla təxminən 2% təşkil edib, baxmayaraq ki, rəsmi rəqəm 5%-ə yaxındır”, - Qao Şanven ötən ilin dekabrında Vaşinqtonda keçirilən forumda iddia edib.

ÇXR-in sədrini daha da qəzəbləndirən məqamın isə Qaonun Çin rəhbərliyinin iqtisadi artımı stimullaşdırmaq üçün zəruri addımları atmaq qabiliyyətini şübhə altına alması olduğu bildirilir. Ekspert Pekinin bununla bağlı səylərini “opportunizm” kimi qiymətləndirib.

- Düşünmürəm ki, onlar vəd etdiklərini inamla yerinə yetirə bilərlər”, - çinli iqtisadçı deyib.

WSJ qeyd edir ki, Çin hakimiyyətinin iqtisadi siyasəti tənqid edən və ya ölkə iqtisadiyyatındakı problemləri göstərənlərə qarşı bu cür hərəkətləri ilk dəfə deyil. Məsələn, keçən il iqtisadçı Çju Henpen sosial şəbəkələrdəki özəl yazışmalarda Si Cinpinin iqtisadiyyatda atdığı addımlarla bağlı tənqidi mesajlara görə istintaqa cəlb olunub.

“Çin iqtisadiyyatı həddən artıq izafi güc və zəif tələblə üzləşir. Bu isə şirkətlərin qiymətləri azaltmasına, investisiyaları təxirə salmasına və işçilərini ixtisar etməsinə səbəb olur. Belə siyasət xərcləri daha da azaldır və alıcıların qiymətlərin daha da aşağı düşməsini gözləyərək satınalmalarını gecikdirməsini şərtləndirir”, - WSJ keçən ilin dekabrında yazmışdı.

“Associated Press” agentliyi, öz növbəsində, xəbər verir ki, Çin yeni ildə iqtisadi artımı stimullaşdırmaq üçün bir sıra tədbirlər görüb. Bunlara köhnə avtomobillər, məişət texnikası və smartfonlar üçün təkrar emal proqramlarının genişləndirilməsi; yerli məmurlar tərəfindən sahibkarlıq subyektlərinin “özbaşına yoxlamaları”na qarşı mübarizənin gücləndirilməsi, sahibkarlıq subyektlərinə münasibətdə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının qarşısının alınması; dollara münasibətdə yuanın məzənnəsinin zəifləməsi kursunun dəstəklənməsi və bu kimi addımlar daxildir.

ABŞ hakimiyyətinə yaxınlığı ilə seçilən WSJ-nin ÇXR-in sədri Si Cinpinin guya çinli iqtisadçının “obyektiv” qiymətləndirməsindən qəzəbləndiyi və onun barəsində istintaqa başlanması əmrini verdiyini iddia etməsi böyük şübhə doğurur. Belə ki, ABŞ-nin gələcək prezidenti Donald Trampın Çinə qarşı iqtisadi savaşa hazırlaşması fonunda rəsmi Pekinin iqtisadi kursunu şübhə altına qoyan iddiaların dərc edilməsi hibrid müharibələrin çox vacib tərkib hissəsi rolunu oynayır.

Yeri gəlmişkən, son vaxtlar Amerikanın bəzi KİV-ləri, o cümlədən də WSJ dəfələrlə yalan xəbərləri, amerikalı yüksək vəzifəli məmurların və ya özlərinin təxəyyüllərinin məhsulunu həqiqət kimi tirajlamaqda ifşa olunublar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: SiCinpin   Şanven   qəzəb  





Xəbər lenti