Ədliyyə Departamentinin istəyi məhz budur: qurum ümidvardır ki, hakim "Google"a qarşı özünün "Chrome" brauzerini satması və onlayn axtarışda inhisardan əl çəkməsi ilə əlaqədar qərar çıxaracaq.

(ABŞ Ədliyyə Departamentinin məhkəmədəki vəkili Devid Dalqvist)
"Google" ilə yanaşı bütün inhisarçılar başa düşməlidirlər ki, antiinhisar qanunlarını pozmağın ağır nəticələri var", - vəkil Dalqvist məhkəmədə açılış nitqində söyləyib. O diqqətə çatdırıb ki, Ədliyyə Departamenti bir qrup baş prokurorlarla birlikdə məsələ üzərində "ortaq məxrəcə gəlmək üçün" də çarələr axtarır: "Sözügedən şirkətin axtarış sistemi "ChatGPT" kimi generativ Sİ alətlərindən getdikcə daha da az fərqlənsə də, biz rəqabətin bərpasına da ümidliyik. Məhkəmə elə bir hökm verməlidir ki, gələcənin tələbatını nəzərdən qaçırmasın".
Vəkil vurğulayıb ki, "Google"un axtarış sistemi üzrə inhisarı həmçinin özünün Sİ alətlərinin inkişafına hesablanıb. Həmin alətlər, eyni zamanda, istifadəçiləri axtarış sisteminə yönləndirmək üçün vasitədir. "Google" bu məqsədlə bir sıra digər şirkətlə, o cümlədən "Samsung"la uzunmüddətli və "bahalı" müqavilələr bağlayıb. Məsələn, "Gemini AI" proqramının smartfonlara quraşdırılması üçün "Samsung"la aylıq ödəniş əsasında 2028-ci ilədək razılığa gəlib.

(Hakim Amit Mehta)
ABŞ Xarici Kəşfiyyata Nəzarət Məhkəməsinin və Kolumbiya Məhkəməsinin hakimi Amit Mehtanın keçən il avqustun 5-də verdiyi hökmə əsasən, "Google"un cihaz istehsalçıları ilə "defolt axtarış mühərriki"ndə qalmaq üçün müqavilələr bağlaması məhz inhisarını saxlamaq məqsədi daşıyır.

("Google" şirkətinin məhkəmədəki vəkili Con Şmidtleyn)
Digər tərəfdən, "Google"un vəkili Con Şmidtleyn məhkəmədə öz çıxışı əsnasında belə bir iddia irəli sürüb ki, Ədliyyə Departamentinin bu şirkətə qarşı ittiham kimi bildirdiyi "qeyri-adi yeniliklər"dən rəqib şirkətlər də yararlanmaq istəyir.
"Sİ üzrə rəqiblər bir-biri ilə qızğın rəqabət aparsalar da, bir-birinə kömək əli də uzadırlar", - Şmidtleyn deyib.
"Google"un icraçı direktorlarından biri Li-En Mulholland da məhkəmənin gözlənilməz nəticə verəcəyindən ehtiyatlanır. O, bazar günü yazdığı bloqunda "şirkətin əleyhinə çıxaracaq hər hansı hökmün ABŞ-də innovasiyaları dayandıracağını" diqqətə çatdırıb.
Firudin Həmidli
AzVision.az