SOCAR "Yaşıl istiqraz"ların buraxılışına başlayır
"İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın "yaşıl enerji" sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir", - deyə məlumatda qeyd olunub.
"Yaşıl istiqraz"ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür. Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.
Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib. SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır. SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.
AzVision.az
Teqlər: