ABŞ və Fransa Gürcüstanı müzakirə ediblər

   ABŞ və Fransa    Gürcüstanı    müzakirə ediblər
  09 Yanvar 2025    Oxunub:426
ABŞ-nin Dövlət katibi Antoni Blinken Fransanın Xarici İşlər naziri Jan-Noel Barro ilə görüşdə Gürcüstanla bağlı müzakirələr apardığını bildirib.
AzVision.az xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyasının demokratiyaya doğru irəliləyişdən dönməsindən “dərin narahatlıq doğurduğunu” təkrarlayan Blinken, Gürcüstan rəsmilərinə qarşı sanksiyaların, eləcə də hökumətə yardımın dayandırılmasının İvanişvilinin partiyasının fəaliyyətinin, o cümlədən “çox suallar doğuran” seçkilərin nəticəsi olduğunu iddia edib.

“Həm Fransa, həm də ABŞ demokratiyadan dərin narahatlıq doğuran geri çəkilmənin şahidi oldular. Bu, təkcə demokratik reqressiya deyil, həm də gürcü xalqının mütləq əksəriyyətinin arzularından - Avropaya daha yaxın və daha yaxın olacaq gələcək qurmaqdan geri çəkilməkdir. Biz hakimiyyətin azad və açıq danışmaq istəyən insanlara qarşı repressiv hərəkətlərini gördük, buna görə də biz və tərəfdaşlarımız addımlar atdıq: “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişviliyə, eləcə də hökumətin digər üzvlərinə qarşı sanksiyalar tətbiq etdik”, - ABŞ-nin Dövlət katibi vurğulayıb.

O, Amerikanın Gürcüstan hökumətinə yardımını dayandırdığını bildirib. Vaşinqton, habelə, demək olar ki, bütün ATƏT tərəfdaşları, o cümlədən Fransa ilə birlikdə ATƏT-in Vyana mexanizmini işə salıb. Onların fikrincə, atılan addımlar Gürcüstan hökumətini vətəndaş cəmiyyətinin ifadə və fəaliyyət azadlığı məkanını ciddi şəkildə məhdudlaşdıran qanunvericilik aktlarının dəyişdirilməli olduğuna inandırmalıdır.

- Düşünürəm ki, siz ABŞ, Fransa və Gürcüstan hökumətinin çox acınacaqlı hərəkətləri ilə üzləşən bir çox başqa ölkələr arasında bu məqsəd ətrafında aşkar birliyi görürsünüz”, - Antoni Blinken rəsmi Tbilisinin opponentlərinin həmrəy olduğunu göstərməyə çalışıb.

Blinkenin bu bəyanatı fonunda hakimiyyətdə olduğu illərdə, xüsusən də son aylarda Vaşinqton və Parisin göstərilşlərini can-başla yerinə yetirməyə çalışan Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili Tbilisidə keçirdiyi brifinqdə bildirib ki, konqresmen Co Uilsonun dəvəti ilə ABŞ-nin gələcək prezidenti Donald Trampın andiçmə mərasiminə getmək niyyətindədir.

“Exo Kavkaza” portalının yaydığı məlumata görə, xanım Zurabişvili ABŞ-də yüksək səviyyəli görüşlər keçirməyi planlaşdırır. Sabiq prezident həmçinin avropalı tərəfdaşları ilə əlaqələri davam etdirdiyini, onların guya Gürcüstan parlamentini, hökumətini və prezidentini tanımadıqlarına əmin olduğunu bildirib. Zurabişvili brifinqdə hətta yeni ofisini təqdim edərək, orada “prezident funksiyalarını” yerinə yetirməyə davam edəcəyini açıqlayıb.

“Sizi yeni ofisdə salamlamaq istərdim. Bu, Orbeliani sarayına bənzəməyə bilər, amma burada əhval-ruhiyyə var və bu gün çox dərin böhran içində olan bu ölkədə prezidentin funksiyaları davam edir”, - artıq vəzifədən yola salınmış keçmiş prezident özünə ürək-dirək verib.

Salome Zurabişvili Amerikada iş tapıb
Qeyd edək ki, hakimiyyəti illərində ABŞ-nin Gürcüstan hökumətinə təzyiq göstərmək və bu ölkəni xaosa sürükləmək siyasətini dəstəkləyən, hətta məktəbliləri hakimiyyətə qarşı iğtişaşlara qoşulmağa çağıran Salome Zurabişvilini bu xidmətlərinə görə Vaşinqton artıq “mükafat”landırıb. Ona ABŞ-nin Arizona Universitetinin Makkeyn İnstitutunda Kissincer təqaüdçüsü statusu verilib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Fransa   Gürcüstan   Zurabişvili  





Xəbər lenti