Gürcüstan prezidenti hansı komandalarda oynayıb | DOSYE

   Gürcüstan prezidenti hansı komandalarda oynayıb    | DOSYE
  15 Dekabr 2024    Oxunub:1923
Gürcüstanın yeni prezidenti Mixail Kavelaşvili 22 iyul, 1971-ci ildə Bolnisi rayonunda doğulub. 1989-cu ildə Tbilisi Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olsa da, təhsilini başa vurmayıb.

O, uşaqlıqdan futbola maraq göstərib və hücumçu mövqeyində çıxış edib. Peşəkar karyerasına Tbilisinin “Lokomotiv” komandasında başlayıb. 1988-1995-ci illərdə Tbilisinin “Dinamo”sunun tərkibində bir neçə dəfə ölkə çempionu olub.


1991-2002-ci illərdə Gürcüstanın milli yığmasında 46 oyun keçirib.

1995-ci ildə Vladiqafqazın “Spartak-Alaniya” komandasına keçib və onun tərkibində Rusiya çempionu olub. Elə həmin il Rusiya çempionatının 33 ən yaxşı futbolçusundan biri seçilib.


Daha sonra “Mançester Siti”də və İsveçrənin bir sıra klublarında oynayıb. 2006-cı ildə oyunçu karyerasını başa vuraraq, məşqçiliyə başlayıb.

2016 və 2020-ci illərdə “Gürcü arzusu” partiyasından parlamentə seçilib. 2022-ci ildə iki deputat – Sozar Subari və Dimitri Xundadze ilə birlikdə partiyadan çıxıblar. Yazdıqları açıq məktubda səbəb kimi ABŞ-ın ölkədə siyasi mühiti gərginləşdirməsini və süni inqilab ovqatı yaratmaq cəhdini göstəriblər. Daha sonra bir qrup deputatla birlikdə “Xalqın gücü” adlı ictimai birlik yaradıblar.


2024-cü ildə “Xalqın gücü” partiyaya çevrilib. Mixail Kavelaşvilinin siyasi katibi olduğu partiya “Gürcü arzusu” ilə alyans yaradıb. Onun üzvləri Avropa İttifaqı və NATO ilə inteqrasiyanı dəstəkləsələr də, gürcü xalqın ənənəvi dəyərlərini müdafiə edərək, antiqərb ritorikası yürüdürlər.


2024-cü ilin oktyabrında Mixail Kavelaşvili yenidən “Gürcü arzusu” partiyasından deputat seçilib. Noyabrın 27-də isə partiyanın sədri Bidzina İvanişvili onun Gürcüstan prezidentliyinə namizədliyini irəli sürüb.


Mixail Kavelaşvili həm də teleaparıcı və futbol ekspertidir.
Evlidir, dörd övladı var.

Samir Quliyev
AzVision.az


Teqlər: Gürcüstan  





Xəbər lenti