Gələcəyə açılan pəncərə: Şüşələr elektrik hasil edəcək

   Gələcəyə açılan pəncərə:    Şüşələr elektrik hasil edəcək
  02 Fevral 2025    Oxunub:524
Dünyada alternativ energetikaya tələbatın getdikcə artdığını nəzərə alan texnoloqlar bu sahədə yeni kəşflərə can atırlar. Bunlardan biri də adi pəncərə şüşələrini Lüminissent Günəş Konsentratorları ilə əvəz etməkdir.
Lüminissent Günəş Konsentratorları ənənəvi günəş panellərinə güclü alternativ sayılır. Bu texnologiyanı qurmaq üçün ayrıca sahəyə ehtiyac yoxdur, onu binaların fasadlarına inteqrasiya etmək mümkündür.

Utrext Universitetinin professoru Vilfrida van Sarka “Advanced Science News”a deyib ki, bu qurğular lüminoforların hopdurulduğu nazik şəffaf lövhələrdən ibarət olurlar. Lüminoforlar – günəş işığını udub, sonra daha uzun dalğalar şəklində şüalandıran xüsusi molekullar və ya nanohissələrdir. Uzunluğu dəyişən işıq dalğaları xüsusi ötürücünün vasitəsilə günəş elementlərinə ötürülərək, elektrik enerjisinə çevrilir.


Problem ondadır ki, hazırda lüminoforların effektivliyi aşağıdır: onlar günəş enerjisinin 1%-ni elektrikə çevirə bilirlər. Halbuki, ənənəvi günəş panellərində bu göstərici 20%-dir.

Vilfrida van Sarka bu gün məlum olan 92 lüminofor ilə təcrübə aparandan sonra belə qərara gəlib ki, yaxın gələcəkdə onların faydalı iş əmsalını 10%-ə qədər qaldırmaq mümkün olacaq.


Effektivlik az olsa belə, lüminofor örtükləri on minlərlə binanın fasadına inteqrasiya edəndə kifayət qədər elektrik enerjisi generasiya edə biləcəklər.

“Advanced Science News” vurğulayır ki, hazırda Çində və Britaniyada da pəncərə şüşələrinin energetika sisteminə inteqrasiya edilməsi istiqamətində maraqlı təcrübələr aparılır.

Tariyel Həsənov
AzVision.az


Teqlər: Elm   Texnologiya   Lüminofor  





Xəbər lenti