Azərbaycanın dəmiryollarının tarixi: Qafqazla birgə, ya ayrı? (Tarixi araşdırma)
1918-ci il iyunun 4-də Gürcüstanın Batum şəhərində dəmiryolu nəqliyyatı vasitələrinin hamısının bölüşdürülməsi haqqında Osmanlı Türkiyəsi, Azərbaycan Xalq Cümhuriyyəti, Ermənistan və Gürcüstan respublikaları arasında müqavilə imzalanmışdı. Həmin müqavilədə qeyd edilirdi ki, Cənubi Qafqazın dəmiryolu nəqliyyatı vasitələrinin hamısının bölüşdürülməsi məsələsini həll etmək üçün sənədi imza edənlər - Osmanlı İmperiyasının, Ermənistan Respublikasının, Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının səlahiyyətli nümayəndələri razılığa gəliblər: “Keçmiş rus dövlətinin mülkiyyəti olan dəmiryolu nəqliyyatı vasitələri dörd tərəf arasında, onların ərazisində olan xəttlərin uzunluğuna uyğun olaraq bölüşdürüləcək”.
Cünhuriyyət hökumətinin 1918-ci il avqustun 17-də qəbul etdiyi digər qərarla Azərbaycan Dəmir Yolları Azərbaycan XC-nin yurisdiksiyasına keçirilir. Həmin qərarda qeyd edilirdi ki, faktiki olaraq 1 iyun 1918-ci il tarixdən etibarən Azərbaycan Dəmir Yolları ayrıca, müstəqil və səlahiyyətdar fəaliyyət göstərir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Azərbaycan Dəmir Yollarının bütün stansiyalarının, xüsusilə Poylu stansiyasının qaydaya salınması haqqında 1919-cu il fevralın 17-də qərar qəbul edib. Daha sonra isə 1919-cu il martın 8-də Azərbaycan XC-nin Rabitə Naziri Məlik-Aslanov və Gürcüstan Demokratik Respublikasının Rabitə Naziri vəzifəsini icra edən İ.Malaniya tərəfindən Dəmiryolu əlaqəsi haqqında Azərbaycan və Gürcüstan Respublikaları arasında müqavilə imzalanıb. Həmin müqavilənin 1920-ci il yanvarın 1-dək qüvvədə olması tutulmuşdu.
Azərbaycan Xalq Cümhuriyyətinin tarixi - xalqımızın çoxəsirlik tarixinin ayrılmaz təkib hissəsidir. Həmin qısa bir tarixi müddətdə Milli hökumət tərəfindən ölkə həyatının müxtəlif sahələrində - demokratik dövlət və ordu quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsilin inkişafı və digər sahələr üzrə atılmış mühüm addımlar xalqımızın tarixində dərin iz buraxıb. Cümhuriyyət hökumətinin ölkənin sosial-iqtisadi inkişafı üzrə atdığı mühüm addımlar nəticəsində xarici iqtisadi-ticarət əlaqələri yaradılmasına nail olunmuş və ölkənin iqtisadi, sosial inkişafı üzrə digər müvafiq tədbirlər həyata keçirilmişdi.
Azərbaycan XC-ni xarici ölkələrlə, o cümlədən Rusiya ilə əlaqələndirən əsas yol-nəqliyyat xəttləri Qara və Xəzər dənizləri, Vladiqafqaz və Cənubi Qafqaz dəmiryolları, habelə Volqa çayının su-nəqliyyat xətti olub. Qışda, Volqa çayında naviqasiya dayandırıldıqdan sonra su-nəqliyyat xəttini Vladiqafqaz dəmir yolu xətti əvəz edirdi. Azərbaycan XC Qara dəniz vasitəsilə (xüsusilə Batum və Poti vasitəsilə) nəinki Rusiya ilə, hətta Qərbi Avropa ilə də əlaqə yarada bilirdi. Cənubi Qafqaz dəmiryolu xətti Qara və Xəzər dənizlərini əlaqələndirməklə yanaşı, Vladiqafqaz dəmir yolu ilə də qovuşaraq fasiləsiz dəmir yolu xətti yaradıldı.
Cənubi Qafqaz dəmiryolu xəttinin yolayrıcıları Culfa-Təbriz xətti vasitəsilə İranla, Gümrü-Sarıqamış vasitəsilə isə Türkiyə ilə əmtəə mübadiləsini həyata keçirməyə imkan verirdi.
Beləliklə, Azərbaycan Xalq Cümhuriyyəti Şərqlə, eləcə də Şərqin Qərblə ticarət əlaqələrində böyük tranzit yolu rolunu oynayırdı.Cümhuriyyət dövründə Cənubi Qafqaz dəmiryolları, Gürcüstan istiqaməti, Qara dənizin Qafqaz sahilləri Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi həyatı üçün müstəsna rol oynayıb. Tarixdən məlumdur ki, Şimali Azərbaycanı həm Rusiya, həm də keçmiş Rusiya imperiyasının dağıntıları üzərində yaradılmış yeni dövlətlərlə Vladiqafqaz dəmiryolu əlaqələndirirdi.
Lakin 1919-cu ilin əvvəllərində general Denikinin qoşunları ilə qırmızı ordu arasında baş verən döyüşlər və hərbi əməliyyatlar zamanı Şimali Qafqazdan keçən Vladiqafqaz dəmiryolu xətti dağıdılaraq fəaliyyəti dayandırılmışdı. 1919-cu ilin fevralında Denikinin qoşunları Vladiqafqaz və Qroznı şəhərlərini tutmuşdular. Könüllülər ordusu bütün Şimali Qafqazı, həmçinin Petrovsk və Dərbənd şəhərlərini də ələ keçirərək Azərbaycan Xalq Cümhuriyyəti sərhədlərinə daha da yaxınlaşmış və Xalq Cümhuriyyətinə qarşı edilən iqtisadi təzyiq bir qədər də gücləndirilmişdi.
Belə bir mürəkkəb vəziyyətdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Gürcüstan vasitəsilə tranzit yolu açmaq zərurəti qarşısında qalmışdı. Gürcustandan tranzit yolu açmaqla Azərbaycan Xalq Cümhuriyyəti Qara dənizin Qafqaz sahillərinə çıxmaq imkanını əldə etmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Batum və Poti vasitəsilə yalnız Rusiyanın cənub bölgələri, Ukrayna ilə deyil, həmçinin Qərbi Avropa ilə də əlaqə yarada bilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Avropa bazarlarına xammalın, o cümlədən ipək, yun, pambıq, neft və s.məhsulların göndərilməsi, oradan isə sənaye mallarının, texnikanın, manufaktura və s. gətirilməsi yolu ilə qərbi Avropa dövlətləri ilə ticarət əlaqələrinin yaradılması haqqında 1919-cu il mayın 4-də qərar qəbul etmişdi. Həmin qərarın həyata keçirilməsundə Batum, Poti məntəqələri müstəsna rol oynamışdı. Bu istiqamətdə fəaliyyət göstərən Cənubi Qafqaz dəmiryolunun bölgə üçün misilsiz xidmətləri danılmazdır. Batum, Poti məntəqələri əsasən xarici ticarətə, o cümlədən taralarda və çəlləklərdə neft yüklərinin ixrac edilməsinə xidmət etmişdi. Azərbaycanın neft və neft məhsulları Gürcüctan hökumətinin və ingilis komandanlığının, həmçinin fərdi alıcıların ünvanlarına Cənubi Qafqaz dəmiryolu və Batum neft kəməri vasitəsilə aparılırdı.
10 iyul 1919-cu il tarixli “Азербайджан” qəzetinin verdiyi məlumata görə duru yanacağın 85, ixrac olunan benzinin 72, bütün neft məhsullarının 57 faizi ingilis komandanlığının ünvanına daxil olurdu. Yalnız ağ neft istisna təşkil edirdi ki, onun da 86 faizi şəxsi alıcılara, həmçinin hər birinə 7 faiz olmaqla, Gürcüstan hökumətinə və ingilis komandanlığının ünvanına göndərilirdi. Xarici dövlətlərlə iqtisadi əlaqələrin qurulmasında Avropaya “pəncərə” sayılan Batum və Poti məntəqələri Azərbaycan Xalq Cümhuriyyəti dövləti üçün həyatı əhəmiyyət kəsb etmişdi. Bu məntəqələr - Xəzərlə Qara dənizi birləşdirən dəmiryolu magistralının sonuncu məntəqələrindən sayılırdılar.
Xarici və sənaye təşkilatlarının nümayəndələri ilk növbədə Batuma baş çəkir, müxtəlif dövlətlərin iqtisadi vəziyyəti, onların sorğuları və ehtiyacları haqqında məlumatlar burada toplanır və əldə edilmiş məlumatlar əsasında burada ticarət sazişləri imzalanırdı. Təsadüfü deyildi ki, Azərbaycan Xalq Cümhuriyyəti Ərzaq Nazirliyinin tədarük şöbəsinin 1919-cu il aprelin 6-da “Əmtəə mübadiləsi Komitəsi”nə göndərdiyi məktubda qeyd edilirdi: “Ölkənin ümumi siyasi və iqtisadi vəziyyəti tələb edir ki, Ərzaq Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti hüdudlarından kənarda tədarük fəaliyyətini genişləndirsin. Hazırki vaxtda ticarət əməliyyatlarının aparılma məntəqəsi Batum şəhəridir. Buraya yaxın və uzaq ölkələrdən əmtəə malları gətirilir. Öz növbəsində bizim əmtəə malları da bu məntəqə vasitəsilə dünya bazarlarına daxil ola bilər... Dənizlə Batum şəhərinə daxil olan mallara böyük təlabat olduğundan dərhal realizə olunur. Ona görə də bizə tələb olunan malların vaxtında əldə edilməsi üçün Batumda yubanmadan güclü tədarük müəssisəmizi yaratmalıyıq”.
Batumda Azərbaycan Xalq Cümhuriyyəti Baş konsulluğu fəaliyyət göstərirdi. Maliyyə-iqtisadi Komitənin təklifi ilə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 27 sentyabr 1919-cu il tarixli qərarı ilə Batumdakı Baş konsulluğun nəzdində Rabitə Nazirliyi və ticarət, sənaye və ərzaq nazirliklərinin nümayəndələrindən ibarət ticarət şöbəsi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti Batumdakı Baş konsulluğun əzdində aradılmış Ticarət şöbəsi dəmiryolu agentliyi vasitəsilə Azərbaycan Xalq Cümhuriyyəti tacirlərinə ticarət əlaqələrinin yaradılması, müqavilələrin bağlanması və Cümhuriyyətin düşdüyü çətin iqtisadi vəziyyətdən çıxarılması istiqamətində yaxından köməklik göstərdi. Yerli sahibkarlar və tacirlər, ticarət-sənaye-müəssisələri xarici ölkə və vilayətlərlə əmtəə mübadiləsinin həyata keçirilməsində xüsusilə fəal iştirak etmişdilər.
Şımali Azərbaycanın qərb bölgəsini Naxçıvanla bağlayan əsas nəqliyyat xətlərindən biri - Mincivan-Culfa dəmir yolu xətti 1941-ci ildə istifadəyə verilib. Zəngilan rayonunda yerləşən Mincivan stansiyası Culfa-Horadiz-Sarıcalar-Osmanlı dəmiryol xəttinin üzərində idi.
Culfa stansiyası həmçinin 1908-ci ildən Uluxanlı-Culfa, 1915-ci ildən Təbriz-Culfa xətləri üzərində fəaliyyət göstərib.
Hazırda Azərbaycan Dəmir Yollarının şərq xəttinə xidmət edən Füzuli rayonunun Horadiz stansiyası İmişli-Mincivan distansiyasında, Ələt-Culfa xəttini üzərində yerləşir.
1912-ci ildə qurulan Yevlax stansiyasından Xankəndi şəhərinə qədər dəmir yolu xətti çəkilişinə başlanılıb və 1942-ci ildə başqa yolla-Bərdə-Ağdam marşrutu ilə çəkilişi davam etdirilib. 1967-cildə tikinti dayandırılıb. Yalnız 1978-ci ildə Ağdam - Xankəndi dəmiryolu xəttinin çəkilişi başa çatdırılıb.
Azərbaycan SSR Dəmir Yolu İdarəsi 1945-ci il, iyulun 6-da SSRİ Dövlət Müdafiə Komitəsinin il 28 iyul tarixli 674 saylı qərarı ilə yaradılıb. 1953-cü ilin may ayının 14-də Azərbaycan SSR və Cənubi Qafqaz dəmir yolları “Cənubi Qafqaz dəmir yolu” adı altında birləşdirilib, mərkəzi idarəsi Tbilisiyə köçürülüb.
1955-ci il oktyabrın 3-də Azərbaycan SSR dəmir yolu SSRİ Nazirlər Sovetinin 1773 saylı qərarı ilə yenidən respublika tabeliyinə verilib. Azərbaycan SSR Nazirlər Sovetinin 13 oktyabr 1955-ci il 717 saylı qərarı ilə Azərbaycan SSR dəmir yolu SSRİ Yollar Nazirliyinin tərkibində müstəqil dəmir yolu kimi fəaliyyətini davam etdirib.
SSRİ Yollar Nazirinin 2 mart 1963-ci il tarixli 270 saylı əmri ilə yenidən Azərbaycan SSR və Cənubi Qafqaz dəmir yollarının tərkibində struktur dəyişikliyi aparılıb və bu iki idarə “Cənubi Qafqaz dəmir yolu” adı altında birləşdirilib.
SSRİ Yollar Nazirnin 1 iyun 1967-ci il tarixli 15-859 saylı əmri ilə Azərbaycan SSR dəmir yoluna yenidən sərbəstlik verildi və o vaxtdan bu günə kimi müstəqil dəmir yolu kimi fəaliyyət göstərir.
28 may 1980-ci ildə Azərbaycan SSR Dəmir Yolu idarəsi keçmiş SSRİ dövlətinin “Oktyar inqilabı” ordeni ilə təltif edilib.
XX əsrin II yarısı Azərbaycan Dəmir Yolunun inkişaf tarixində xüsusi bir səhifə təşkil edir. Məhz bu dövrdə Ümummilli Lider Heydər Əliyevin qayğı və diqqəti sayəsində böyük inkişaf yolu keçib. Ulu öndər keçən əsrin 80-cı illərinin əvvəllərində istər Azərbaycan SSR, istərsə də Sovetlər İttifaqında hökumətə rəhbərlik etdiyi dövrdə də keçmiş Sovet respublikalarının nəqliyyat sistemini, o cümlədən, dəmir yolunun fəaliyyətini daim diqqət mərkəzində saxlayıb və inkişafına xüsusi diqqət verib.
Keçən əsrin həmin dövrlərində məhz Heydər Əliyevin rəhbərliyi altında o zamanki Sovet İttifaqının ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan SSR Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyəti olan digər dəmir yolu stansiyaları istismara verilib. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrlərdə 80-90 milyon tona çatdırılıb.
1969-2003-cü illəri Azərbaycan Dəmir Yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. Məhz bu illərdə istehsalatda əsas fəaliyyətlə yanaşı 14.300 texniki yeniləşmə metodları tətbiq olunub və bunlar dəmir yolunun bütün sahələrini əhatə edib.
(Ardı var)
Cəbi Bəhramov
Tarix üzrə fəlsəfə doktoru, dosent
Teqlər: Dəmir-yolu Tarix