Küveyt jurnalında Azərbaycanla bağlı məqalə dərc edildi

Küveyt jurnalında Azərbaycanla bağlı məqalə dərc edildi
  04 Fevral 2025    Oxunub:293
Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat üzrə Milli Şurasının aylıq nəşri olan “Al-Arabi” jurnalının yanvar sayında “Azərbaycan – bağların çiçəyi, Odlar yurdu” sərlövhəli geniş məqalə dərc edilib.
1941-1945-ci illərdə faşizmə qarşı müharibədə həlak olmuş insanların xatirəsinə Qəbələ rayonunda ucaldılan abidə kompleksinin şəkli ərəb dünyasınının məşhur jurnalının üz qabığında verilib.

Yazıçı Məhəmməd bin Seyf ər-Rahbinin müəllifi olduğu məqalədə ölkəmizin yeni tarixinə qısa səyahət edilir, xalqımızın zəngin mədəniyyəti, qədim və müasir memarlıq abidələrimiz, əsrarəngiz təbiət qoynunda yerləşən məkanları haqqında danışılır.

Azərbaycana səfəri zamanı həyat dolu rənglərin gözəl mənzərəsinin insanın beynində düşüncələr oyatdığını bildirən müəllif bu təəssüratlarını qələmə alıb.

Müəllif yazıda İçərişəhər, Qız qalası, Şəhidlər xiyabanı, Alov qüllələri, Bakı bulvarı, Fəvvarələr meydanı, Şirvanşahlar sarayı barədə məlumat verir, Quba və Qəbələdə gördüyü əsrarəngiz təbiət mənzərələrindən heyrətini gizlətmir.

Məqalədə Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq mühiti barədə də yazılır. Müəllif Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Bir Günəş altında” adlı sənədli filmin və bu mövzuda sərgilənən fotoların onda dərin təəssüratlar buraxdığını dilə gətirərək qeyd edir ki, çəkilişdə Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinləri lentə alınıb, 17 etnik qrupun 134 nümayəndəsindən müsahibə götürülüb. Filmin hər bir qəhrəmanı öz ana dilində danışır. Çəkiliş zamanı Azərbaycan təbiətinin gözəlliyini əks etdirən ümumilikdə 3850 mənzərə, bu təbiətin qoynunda yaşayan müxtəlif yaş, etnik qrupa aid 2625 insanın fotosu çəkilib.

Məqalədə, həmçinin zəngin mədəni irsimizi şəhərimizin qonaqlarına təqdim edən muzeylərdən də söhbət açılır. Heydər Əliyev Mərkəzindən söz açarkən, qeyd edir ki, dünyanın memarlıq incilərindən sayılan binanın möhtəşəmliyi və dizaynı insanı sehrləyir. Daxili dekorasiyalar arasında addımlayarkən gözəlliyi dərk etməmək mümkün deyil. Belə ki, sənət vəhdətinin heyrətləndirici təsiri hər addımda hiss olunur. Məqalədə yazılır ki, Mərkəzin binasının möhtəşəm memarlıq üslubu dünyanın hər yerindən insanları özünə cəlb edir, oradakı sərgilər Azərbaycan mədəniyyətini və onun çoxşaxəli irsini kəşf etməyə dəvət edir.

Bundan başqa, məqalədə Azərbaycan İstiqlal Muzeyindən söhbət açılır. Muzeyin sərgi zallarında sənədlər, şəkillər, kitablar və müxtəlif eksponatlar nümayiş olunur. Burada Azərbaycan xalqının geyim və zinət əşyalarını, onların tarix boyu istifadə etdikləri silahları və s. görmək mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti