Kiyevin Uqledar itkisi ciddi siqnaldır - "CNN"

   Kiyevin Uqledar itkisi ciddi siqnaldır    - "CNN"
  03 Oktyabr 2024    Oxunub:368
Rusiya Ukrayna qüvvələrinin aylarla davam edən müqavimətindən sonra strateji əhəmiyyətli Uqledar şəhərini ələ keçirə bildi. Kiyevin məlum itkisi müharibənin üçüncü qışı ərəfəsində Ukraynanın üzləşdiyi problemlərə dair ciddi siqnaldır.
Bu fikirlər CNN-də dərc olunan məqalədəndir.

Uqledarın tutulması ruslara strateji üstünlük verir - "Bloomberg"
Məqalədə qeyd edilib ki, artıq Rusiya hərbçiləri dağıdılmış şəhərin meriya binasının xarabalıqları üzərində öz bayraqlarını da qaldırıblar. Müəllif Uqledar sakinlərinin sayının azalmasına da diqqət çəkib.

"Çərşənbə günü Ukrayna hərbçiləri şəhərdən geri çəkildiyini təsdiqlədilər. Rəsmi Kiyev bəyan edib ki, Rusiya qüvvələri şəhərin cəbhə xəttinin cinahlarında ehtiyat qüvvələrini gücləndirə bilib. Bu isə Uqledardakı Ukrayna qüvvələrinin mühasirə təhlükəsinə gətirib çıxarıb. Döyüşçülərin şəhərdən çıxarılması heyət və texniki avadanlıqları qorumaq məqsədi ilə həyata keçirilib".

CNN yazıb ki, Rusiya prezidenti Vladimir Putinin əsas məqsədlərindən biri Donbasın tamamilə ələ keçirilməsidir: "Bu il Rusiya ordusu tədricən Ukraynanın şərqində irəliləyə bildi. Uqledarın itirilməsi Ukrayna prezidenti Volodimir Zelenskinin Kiyev üçün əsas razılaşmaların əldə olunmadığı ABŞ-dən qayıtması fonunda baş verib".

Uqledar şəhəri Pokrovskdan 50 km cənubda yerləşir və son vaxtlar şərqdə Rusiya hücumlarının əsas hədəfi kimi görünürdü. Şəhər mühüm nəqliyyat əhəmiyyətinə malik olmasa da, güclü, möhkəmləndirilmiş və Ukraynanın şərq ilə cənub cəbhələri arasında mühüm forpost sayılırdı. Tanınmış rusiyalı hərbi blogger Boris Rojin bu qələbəni ölkəsi üçün mühüm nailiyyət adlandırıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Mühasirə   Rusiya   Uqledar  





Xəbər lenti