Deputat Qırğızıstanla Azərbaycan arasında əlaqələrin inkişafına töhvə verən məqamlardan danışıb:
“Qazaxıstan və Özbəkstanın ardından Qırğızıstanın sülh və quruculuq prosesinə dəstəyi təqdirəlayiqdir. Qırğız Respublikasının təşəbbüsü ilə Ağdamın Xıdırlı kəndində inşa ediləcək orta məktəb bu dəstəyin bariz nümunəsidir. Nəticə etibarilə burada bir simvolik məna var. Yəni Qırğızıstan bununla bildirmək istəyir ki, 30 illik işğal dövründə necə Azərbaycanın yanında olubsa,bu gün də olacaq. Bu mesaj nəinki Ermənistana, həm də dünyaya ünvanlanıb. Bu baxımdan Qırğızıstan prezidenti Sadır Japarovun ölkəmizə səfəri çox əhəmiyyətlidir”.
Azərbaycan və Qırğızıstan arasında əməkdaşlığın daha da irəlilədilməsi istiqamətində qarşılıqlı səfərlərin əhəmiyyətli rolunu vurğulayan Hikmət Babaoğlu Sadır Japarovun səfərinin iqtisadi baxımdan önəmindən söz açdı:
“Qırğızıstan təbii sərvətləri, su, dağ-mədən ehtiyatları hələ tam kəşf olunmamış bir ölkədir. Eyni zamanda, Qırğızıstan sərmayə cəlb etməyə hazır olan bir ölkədir. Azərbaycan da sərmayəçi rolunda çıxış edə bilər. Bundan başqa Çinlə sərhəd olması və Türk Dövlətləri Təşkilatının sərhədlərində yerləşməsi Qırğızıstanın strateji əhəmiyyətini artırmaqdadır. Ağdama səfər, verilən mesajlar, mənəvi dəstək, mədəni, humanitar, əlaqələrimizin dərinləşməsi baxımından olduqca əhəmiyyətlidir. Ölkəmizdə az qala azərbaycanlı yazıçı kimi tanınan Çingiz Aytmatovun heykəlinin açılışı da əlaqələrimizin daha da inkişaf etməsinin göstəricisidir”.
Prezidentlər Ağdam Cümə məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB |
“Prezident Sadır Japarovun Azərbaycana səfəri ikitərəfli münasibətləri yeni səviyyəyə qaldırır. İki ölkə arasında imzalanan 10 sənəd elm, təhsil, energetika, miqrasiya və digər sahələrini əhatə edir. Sadır Japarovla Prezident İlham Əliyevlə arasında dost münasibəti dövlətlərimiz və xalqlarımız arasında münasibətlərə də müsbət təsirini göstərəcək".
Politoloqun sözlərinə görə, Qırğızıstan həm də Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına töhfə vermək niyyətindədir:
“ Qırğızıstan üçün önəmli olan məsələ yeni geosiyasi reallıqlarda əməkdaşlıq imkanlarının daha da gücləndirilməsidir. Bu xüsusda, Orta dəhliz, Zəngəzur dəhlizi, nəqliyyat və kommunikasiya xətlərinin inkişafında öz payını qazanmaq, tranzit imkanlarını daha da yüksəltmək maraqları dayanır. Ona görə də Zəngəzur dəhlizi bütün Orta Asiya dövlətləri kimi, Qırğızıstan üçün də maraqlıdır. Ümid edirəm ki, Zəngəzur dəhlizinin açılması həm də geniş bir coğrafiyada əməkdaşlığa təşviq edəcək.
Qarşıdakı dövrdə məhz biznes görüşlərinin keçirilməsi, iş adamları arasında mümkün razılaşmalar, müştərək müəssisələrin təsis olunması, iqtisadi əlaqələrin daha da şaxələndirilməsi haqqında qərarlar qəbul oluna bilər”.
Həmidə İbrahimova
AzVision.az