Çörəyimiz dəmirdən çıxacaq - Anemiya ilə mübarizədə fərqli üsul

  Çörəyimiz dəmirdən çıxacaq  - Anemiya ilə mübarizədə fərqli üsul
  19 Aprel 2024    Oxunub:1320
Xəbər verdiyimiz kimi, Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq. Məlumata görə, dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrupu yaradılıb.
Qeyd edək ki, dəmir çatışmazlığı anemiyanın ən çox bilinən səbəbidir. Bu günə qədər anemiya ilə mübarizə üçün görülən tədbirlərin əksəriyyəti dəmir çatışmazlığının qarşısının alınması və müalicəsinə yönəlib. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə əhali arasında 2000-ci ildə ilk dəfə anemiya diaqnozu qoyulmuş şəxslərin sayı 22 min nəfər olub. 2022-ci ildə isə həmin göstərici 46 min nəfər idi.

Təkcə ölkəmizdə yox, dünya üzrə də anemiyadan əziyyət çəkənlər var. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının keçənilki hesabatında göstərilir ki, dünyada təxminən 571 milyon qadın və 269 milyon azyaşlı anemiya səbəbindən ciddi sağlamlıq problemləri ilə üzləşib.

Maraqlıdır, unun dəmirlə zənginləşdirilməsi prosesi necə həyata keçiriləcək?
Qida eksperti Ağa Salamov AzVision.az -a bildirib ki, un emaldan keçəndən sonra tərkibində olan müxtəlif elementlər, yəni rüşeym və kəpək ayrılır:

“Vitamin və minerallardan, eyni zamanda, dəmirdən də arınmış olur. Hazırda satışda olan zavod çörəkləri həmin undan bişirilir. Onun tərkibini araşdırdıqda dəmir çatışmazlığı ilə yanaşı vitamin çatışmazlığı da müşahidə olunur. Ona görə də mikronutriyentlərə ehtiyac var və unun zənginləşdirilməsi məqsədəuyğundur”.



Ekspert qeyd edib ki, əhalini tam buğda unu yeməyə sövq etmək lazımdır:

“İşğaldan azad olunmuş torpaqlarımızda buğda, arpa, çovdar da əkməliyik. Əkdiklərimizi günəş enerjisi ilə işləyən dəyirmanda üyüdə bilərik. Beləliklə, həmin una dəmir əlavə etmək lazım olmayacaq. Çünki artıq tərkibində hər şey olacaq. Buğda ilə çovdarın qarışığından un əldə edib, əhalini həmin undan istifadəyə çağırmalıyıq”.

Həkim-terapevt Fərqanə Səfərli isə bildirib ki, dəmir defisitli anemiya təhlükəsiz qəbul olunan bir anemiya forması deyil.

"Ümumiyyətlə, anemiyalar hər zaman risk daşıyır. Dəmir defisitli anemiya müxtəlif səbəblərdən ola bilər. Bağırsaqlardan dəmirin sorulmasının pozulması da əsas səbəblərdəndir. Burada mədə-bağırsaq xəstəliklərinin əsas rolu var. Xroniki qanitirmələri də səbəb olaraq göstərə bilərik. Bu da gənc qızlarda, ortayaşlı qadınlarda aybaşı siklinin pozğunluğu ilə bağlı kəskin qanitirmələrdə özünü göstərir. Ölkəmizdə dəmir defisitli anemiyaya qidalanma ilə bağlı rast gəlinir. Qidalanma ilə dəmirin sorulması 10 faiz təşkil edirsə, bu da ümumi gündəlik orqanizmin dəmirə tələbatının 1-1,5 faizini təşkil edir. Anemiya vaxtı isə dəmirin sorulması sürətlənir, təxminən 2 qrama çatır. Yəni sutkalıq normasının bir qədər daha sürətli versiyası olur, amma ortalama götürdükdə isə müxtəlif yaş periodlarında dəmirin sutkalıq miqdarı 15-20 ml qram təşkil edir. Bu da ayrı-ayrı yaş dövrlərində kişilər və qadınlarda fərqlənir".

Həkimin sözlərinə görə, südverən analarda, hamilə qadınlarda, mədə əməliyyatı keçirmiş, onkoloji, böyrək çatışmazlığı olan xəstələrdə dəmirə tələbat daha çoxdur:



"Kiməsə gözəyarı dəmir vermək düzgün deyil. Çünki dəmir hökmən yoxlanılmalı, qandakı miqdarına baxılmalıdır. Dəmir defisitli anemiyada halsızlıq, yuxusuzluq, əsəbilik, dırnaqların kobudlaşması, tez-tez qırılması, nazikləşməsi çox rast gəlinən əlamətlərdir. Gündəlik qida rasionuna daha çox mal əti, balıq, qaraciyər, qızıl əhmədi alması, göyərti, alça, çiyələk daxil olunması arzuolunandır. Bunlarla yanaşı sink, mis, kobalt və manqan tərkibli qidaları da rasionumuza daxil etməliyik. Onlar da ayrı-ayrı meyvə-tərəvəzlərdə çoxdur.

Millət olaraq qidalanmadan dərhal sonra çay içmək vərdişimiz var. Çayda "tannin" adlı xüsusi maddə var. O, dəmiri özünə birləşdirir. Bu da sorulmayan kompleks birləşmə əmələ gətirir. Bağırsaqlarda sorulmayan kompleks birləşmə əmələ gəldikdə bu, dəmirin sutkalıq miqdarını aşağı salır. Buna görə də qidalanma rejimində dəyişiklik etmək lazımdır. Yeməkdən sonra su içməliyik.

Hər hansı qidanın tərkibində dəmiri rahatlıqla qəbul edə biliriksə, niyə çörəyin tərkibində olmasın? Ümumiyyətlə, taxıl bitkilərinin tərkibində də dəmir var. Buğdanın tərkibində B qrup vitaminləri var və dəmir də əlavə olunsa, sorulmasına təsir edə bilər. Ölkəmizdə mədə əməliyyatı keçirmiş, onkoloji, böyrək çatışmazlığı olan xəstələrimiz çoxdur. Hamısı dəmir defisitli və yaxud qeyri formada anemiyanın daşıyıcısıdır. İnsan sağlam görünə bilər, lakin eyni zamanda, əhalinin böyük əksəriyyətində dəmir defistli anemiyaya tez-tez rast gəlinir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti