"Twitter"in yeni loqosu "Dogecoin"in hekayəsi: "Bir zarafatdan yaranıb"
"Twitter"də loqo dəyişikliyi sıradan bir hadisə deyil. Oktyabr ayında "Twitter"i 44 milyard dollara satın alan milyarder İlon Maskın "Dogecoin" ilə uzun və mürəkkəb bir tarixçəsi var.
"Dogecoin"in loqosu "Doge" bazar ertəsi günortadan sonra Maskın sosial media saytında peyda olub. Özünü “Dogefather” adlandıran Mask uzun müddətdir ki, tvitləri və açıqlamaları ilə "Dogecoin"in dəyərini artırır.
Maskın bu günlərdə ona qarşı açılan işlə məşğul olması iddia edilir. Belə ki, bəzi "Dogecoin" istifadəçiləri Maskı kriptovalyuta manipulyasiyasında ittiham edirlər. Maskın vəkilləri iddianın “xəyali fantastika” olduğunu desələr də, iddiaçılar 258 milyard dollar təzminat tələb ediblər. Loqo dəyişikliyinin məhz bu iddiaya görə olduğu təxmin edilir.
Loqodakı sevimli, lakin qəribə görünüşlü itin maraqlı tarixçəsi var. Hekayəyə "doge" ilə başlayaq. Necə tələffüz edildiyi belə böyük mübahisə yaradan ifadə daha çox “doj” kimi tələffüz olunur. 2010-cu ildə yapon uşaq bağçasının müəllimi Atsuko Sato şəxsi bloqunda Şiba-İnu Kabosu (əhəng rəngli sitrus formalı naringi) adlı itinin fotolarını paylaşmışdı.
Şəkillərin birində Kabosunun maraqlı yan görünüşü "Reddit" saytında yer alıb. Daha sonra başqa bir sayt olan "4chan"da görünməyə başlayan şəkil "meme", yəni internet fenomeninə çevrildi. Kabosu hələ də sağdır və ötən gün 17 yaşını qeyd etməsi "İnstaqram" hesabında paylaşılıb.
Əyləncəli və ənənəvi bank ödənişlərindən azad ödəniş sistemi qurmağa qərar verən iki proqram mühəndisi Billi Markus və Cekkson Palmer tərəfindən istehsal edilən və 6 dekabr 2013-cü ildə təqdim edilən "Dogecoin" internet dünyasında mövcudluğunu sürətlə genişləndirib. Lakin 2021-ci ilin əvvəlində əsl bum yaşayıb. 2021-ci ilin yanvar ayının sonunda "Dogecoin"in "Reddit"dəki r/dogecoin subredditi 5 milyard dollardan çox əməliyyat həcmi ilə 2,4 milyon izləyiciyə malikdir.
İlon Maskın "Twitter"dəki dəstək yazıları ilə yüksələn və bazar dəyəri 14 milyard dolları aşan "Dogecoin" 4 Mart 2023-cü il tarixindən etibarən 0,1 dollardan ticarət edilir. Bazarda 132 milyard (2022-ci ilə qədər) "Dogecoin" var.
ABŞ-ın Dallas şəhərində yaşayan 26 yaşlı mühasib Alissa Vazquez 2021-ci ilin yanvar və fevral aylarında əri ilə "zarafat edərək" 600 dollar dəyərində "Dogecoin" alıb. Başladıqları zaman cütlüyün itirməkdən çəkinməyəcəkləri 600 dollar məbləği az qala 6000 dollar olub.
"New Constructs" adlı müstəqil araşdırma firmasının baş direktoru David Treyner deyir:
"İnvestisiya və spekulyasiya arasındakı fərq unudulub". Treynerlə yanaşı, "Facet Wealth"in həmtəsisçisi Brent Veiss "Dogecoin"in ciddi qəbul edilə bilməyən bir investisiya kateqoriyasına aid olduğunu müdafiə edib və bunun bir zarafat olduğunu qeyd edib.
Aytən Zəhra
AzVision.az
Teqlər: