Quran ayəsindən drona: "Əbabil" nə deməkdir?

 Quran ayəsindən drona:  "Əbabil" nə deməkdir?
  06 Yanvar 2023    Oxunub:2479
Dekabrın 31-də İran ordusu Oman körfəzində yeni “Əbabil-5” zərbə PUA-larını sınaqdan keçirib. Təlim zamanı dron 400 km. uçub və Hörmüz boğazının yaxınlığındakı sahil zonasındakı şərti hədəfi vurub.
"Military Factory" yazır ki, "Əbabil-5" ilk dəfə 2022-ci ilin aprelində təqdim edilib. Sabit qanadlara, pərli mühərrikə malik olan bu pilotsuz uçan aparat zərbə endirmək üçün asma sursatlarla təchiz edilib. Mərkəzi gövdəsi düz yanlardan və ikişaxəli quyruq konstruksiyasından ibarətdir. PUA-nın arxa hissəsində yerləşən 115 at gücünə malik "Rotax 914" mühərriki üçqanadlı pəri hərəkətə gətirir.

"Tehran Times"ın məlumatına görə, aparat təxminən 480 km. məsafəyə uça bilir. Hər qanadın altında üç ədəd "Qaem" idarəolunan bomba və ya təxminən 8 kilometr mənzilli iki "Diamond-2" sinifli tank əleyhinə raket var.



Amma ən maraqlısı PUA-nın adıdır. AzVision.az xəbər verir ki, "əbabil" sözü "Quran"ın 105-ci surəsində hallanır. “Tayran əbabil” ifadəsi dilimizdə “uçan quşlar” mənasına gəlir. “Tayr” - uçan bir şey (xüsusən quş) deməkdir, dilimizdəki "təyyarə" sözünün kökü də buradan gəlir. “Əbabil” isə dəstə/sürü mənasına gələn və çoxluq ifadə edən kəlmədir (dilimizdəki "ilxı", "naxır" sözləri kimi). Ərəb dilində dəvə sürüsü, at sürüsü ifadələrində də “sürü” mənasını ifadə edərkən “əbabil” sözü işlənir.

"Fil" surəsində Məhəmməd peyğəmbərin doğumundan bir necə il əvvəl Məkkədə baş vermiş müharibə ilə əlaqəli ayələr yer alır. Yəmənin Əbrəhə adlı hakimi qazanc məqsədilə Məkkəyə hücum edir. Onun ordusunun əsas hissəsini fillər təşkil edirdi. Tam üstünlüyə malik olan Əbrəhənin ordusu Məkkəyə daxil olur. Lakin Allah möcüzə göstərərək məkkəlilərə yardım edir. Əbabil quşlarının sürüsü Əbrəhə ordusunun üzərinə uçaraq, çoxlu sayda kiçik daşlar atmaqla fillər başda olmaqla ordunun bütün kontingentini məhv edilir. Bu minvalla Allah məkkəliləri və Kəbəni qoruyur.



Real həyatdakı əbabil quşu 16-17 sm uzunluğunda, şəhərlərdə və açıq yerlərdə yaşayan, qaranquşla tez-tez qarışdırılan quş növüdür. Bütün canlılardan qaçmağa çalışır və bunun üçün çevik bədən quruluşuna malikdir. Onları qidalanarkən və ya yerdə gəzərkən görmək mümkün deyil. Qanadları qaranquşlardan daha uzun və daha əyridir. Gecə-gündüz havada qalırlar və uçarkən yatırlar. Gecə də gözləri yaxşı görür.


Onlar havadaca tutduqları həşəratlarla qidalanır, su içir, hətta havada cütləşirlər. Nəticədə ayaqlarına ehtiyac olmadığından, ayaqlar kiçilib. (Cinsin elmi adındakı "apus" sözü də məhz yunanca “ayaqsız” deməkdir, səbəb isə kiçik ayaqlarının uzaqdan görünməməsidir). Buna görə də onlar yerə düşdükdə ayaqları ilə təkan verərək qalxa bilmirlər.

İlin 10 aya yaxın müddətini havada keçirən bu quşlar yalnız balalama zamanı yuvalarında olurlar. Köçəri olan bu növ qışı Afrikada keçirdikdən sonra ölkəmizə bala çıxartmağa gəlirlər. Yuvalarını da yüksək qayaların arası, mağaralardakı çatlaqlar, şəhər və kəndlərdə isə tavan araları kimi yerdə seçirlər. Beləcə onlar yuvadan özlərini havaya buraxaraq uça bilirlər və ayaqlarını istifadə etməyə ehtiyac qalmır.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti