Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək
![Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək Maqsud İbrahimbəyovun 90 illiyi qeyd ediləcək](https://azvision.az/photos/2025/02/77705c2d-b5a7-3f41-b3a5-894d3da80129_850-1739446766.jpg)
Maqsud İbrahimbəyov parlaq istedada malik nasir kimi çoxşaxəli fəaliyyəti ilə Azərbaycan bədii fikrinin zənginləşməsində təqdirəlayiq rol oynamış söz ustalarındandır. Ötən əsrin 60-cı illərində yeni ədəbi prosesin formalaşmasında yaxından iştirak edən sənətkar ərsəyə gətirdiyi dəyərli nəsr nümunələrində qəhrəmanlarının xarakterini dərindən açaraq dolğun və rəngarəng obrazlar yaratmışdır. Onun, eyni zamanda dramaturq, kinossenarist və rejissor kimi Azərbaycan kinematoqrafiyasının inkişafında mühüm xidmətləri vardır. Milli koloritin qabarıq təsviri, adət-ənənələrə bağlılıq, xüsusən Bakı mühitinin özünəməxsus mənzərəsinin təsviri Maqsud İbrahimbəyov yaradıcılığını səciyyələndirən başlıca cəhətlərdir.
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alınır:
- Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı Maqsud İbrahimbəyovun 90 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Teqlər: