Tramp Konstitusiyaya qarşı

// ABŞ prezidenti yenidən seçilmək üçün qanunda boşluqlar tapıb

  Tramp Konstitusiyaya qarşı
  31 Mart 2025    Oxunub:1285
Donald Tramp üçüncü müddətə də prezident olacağını istisna etmir. O, “NBC News”a müsahibəsində bildirib ki, bunu istəyən xeyli insan var: “Mən onlara deyirəm ki, hələ bu haqda danışmaq çox tezdir. Hazırda diqqətimi cari işlərə yönəltmişəm”. Özünün münasibətini dəqiqləşdirəndə isə belə cavab verib: “Mən işləməyi xoşlayıram”.
Tramp zarafat etmədiyini bildirəndən sonra jurnalist bunun necə baş verəcəyini soruşub. Axı ABŞ Konstitusiyasına 22-ci əlavə bir şəxsin iki müddətdən artıq prezident olmasını qadağan edir. Tramp belə cavab verib: “Yollar var”.

- Məsələn, vitse-prezident JD Vens seçilib, sonra hakimiyyəti sizə ötürə bilərmi?
- Bu, yollardan biridir. Amma başqaları da var.

Bir qədər əvvəl Britaniyanın “The Daily Mail” qəzeti yazmışdı ki, Tramp qanunvericilkdə olan boşluqlardan istifadə etsə, 2037-ci ilə qədər hakimiyyətdə qala bilər. 1951-ci ildə qəbul olunan 22-ci əlavədə deyilir ki, eyni şəxs iki müddətdən artıq prezident ola bilməz. Amma iki dəfə seçiləndən sonra növbəti dövlət başçısının kabinetində vitse-prezident olmaq, onun istefa verəcəyi təqdirdə üçüncü və dördüncü müddətdə prezidentlik etmək mümkündür.

Tariyel Həsənov
AzVision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti