Trampın 3-cü dəfə prezident olması ideyasına münasibət

   Trampın 3-cü dəfə prezident olması ideyasına münasibət
  01 Aprel 2025    Oxunub:758
Respublikaçı senatorlar ABŞ prezidenti Donald Trampın üçüncü müddətə namizəd olmaq planlarını qeyri-ciddi saysalar da, bu ehtimalı da istisna etmirlər.
AzVision.az xəbər verir ki, Amerikanın aparıcı KİV-lərinin jurnalistləri respublikaçı senatorlardan Donald Trampın növbəti seçki kampaniyasında iştirakı ehtimalını qiymətləndirməyi xahiş ediblər.
Oklahoma ştatından olan senatoru Markueyn Mallina hazırkı Amerika liderinin namizədliyini irəli sürməsinə “kiçik problem”in – ölkə Konstitusiyasının müddəalarının mane ola biləcəyini deyib.

“Düşünürəm ki, bu, hər şeydən daha çox istehzadır”, - respublikaçının sözlərindən “The Hill” qəzeti sitat gətirir.

Texaslı senator Con Kornin Trampın növbəti seçki yarışında iştirak perspektivini şərh edərkən prezidentin “böyük yumor hissi” olduğunu bildirib.

ABŞ Konqresinin yuxarı palatasındakı respublikaçı çoxluğun lideri Con Tun Trampın, sadəcə, “əyləndiyini” ehtimal edib.

“Yəqin ki, o, sizə ələ salır”, - Tun “NBC” telekanalına müsahibəsində söyləyib.

Senatın Hüquq Komitəsinin rəhbəri Çak Qrassli bu telekanalın əməkdaşlarının Trampın növbəti prezident seçkilərində iştirakı perspektivi ilə bağlı sualın cavabında onlara Konstitusiyanın mətni ilə tanış olmağı məsləhət görüb.

Viskonsin ştatından olan senator Ron Cons da “The Hill” nəşrinə bildirib ki, ölkənin əsas qanunu üçüncü müddətə namizədliyi qadağan edir.

“Trampın namizədliyini irəli sürmək planları danışıqdan başqa bir şey deyil, çünki onlar Konstitusiyaya ziddir. Konstitusiyaya dəyişiklik etmək asan iş olmayacaq. Bunun baş verəcəyini düşünmürəm. Lakin bu variantı da hesabdan silmək olmaz”, - senator Tommi Tabervill “CNN” telekanalına açıqlamasında bildirib.

Son vaxtlar bəyanatlarında daha ehtiyatlı davranan Cənubi Karolinanın təmsilçisi senator Lindsi Qrem isə, “The Hill” qəzetinin sualına qəti cavab verməyərək, bu barədə ona 2027-ci ildə sual ünvanlamağı tövsiyə edib.

Tramp Konstitusiyaya qarşı
Nümayəndələr Palatasında respublikaçı çoxluğun lideri olan Stiv Skaliz hazırda prezidentin üçüncü müddətə namizədliyini irəli sürməsinə imkan verən Konstitusiyaya düzəlişlər edilməsinə dair heç bir təklifin olmadığını açıqlayıb.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ-nin keçmiş prezidenti demokrat Barak Obama ilə liderlik yarışında rəqabət aparmaq istəyindən danışıb. O, eyni zamanda, üçüncü müddətə namizədliyini irəli sürmək hüququnun olub-olmadığını öyrənmədiyini də etiraf edib.

Bununla belə, ABŞ Konstitusiyası bir şəxsin prezidentlik vəzifəsini iki müddətlə məhdudlaşdırır. Tramp isə artıq ikinci dəfədir ki, dövlət başçısı vəzifəsini icra edir.

Halbuki, ABŞ tarixində ötən əsrin 30-40-cı illərində Franklin Delano Ruzveltin düz 4 dəfə dalbadal prezident seçilməsi presedenti var. Bu təcrübənin indi Donald Trampa da şamil olunacağı həqiqətən də inandırıcı görünmür. Amma böyük siyasətin dolambacları çox böyük sürprizlər bəxş edə bilər. Xüsusilə də belə sürprizlərin həvəsakrı olan eks-sentrik siyasətçi Donald Trampın ifasında.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   prezident  





Xəbər lenti