“Azəri-Çıraq-Günəşli”dən 125 milyon barel neft hasil edilib

“Azəri-Çıraq-Günəşli”dən 125 milyon barel neft hasil edilib
  13 Fevral 2025    Oxunub:299
Ötən il “Azəri-Çıraq-Günəşli” yatağından (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.
Bu barədə bp-nin 2024-cü ilin yekun hesabatında qeyd edilib. İl üçün AÇG-dən ümumi hasilat – “Çıraq” (23 min), “Mərkəzi Azəri” (97 min), “Qərbi Azəri” (75 min), “Şərqi Azəri” (51 min), “Dərinsulu Günəşli” (57 min), “Qərbi Çıraq” (29 min) və ACE (10 min) platformalarından birlikdə – gündə orta hesabla 342 min barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub. Bu da 2023-cü illə müqayisədə ümumilikdə 6,01 faiz və ya 8 milyon barel azdır.

Dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb. İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub.

İl ərzində AÇG-də 14 neft hasilatı quyusu, 3 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb.

Hesabata əsasən, 2024-cü il ərzində AÇG-dən Azərbaycan dövlətinə əsasən Səngəçal terminalından, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7 milyon kubmetr, ümumilikdə isə 2,5 milyard kubmetr səmt qazı təhvil verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG yatağındakı sərbəst təbii qaz (STQ) ehtiyatlarının kəşfiyyatı, qiymətləndirilməsi, işlənməsi və hasilatı ilə bağlı işləri irəlilətmək məqsədilə 20 sentyabr 2024-cü il tarixində AÇG üzrə mövcud hasilatın pay bölgüsü sazişinə (HPBS) yeni bir əlavə imzalanıb. AÇG yatağının STQ ehtiyatlarının xeyli iri həcmdə - 4 trilyon kub futadək olduğu düşünülür.

Bu sənədə uyğun olaraq, SOCAR və AÇG tərəfdaşları hazırda STQ laylarının işlənməsi üçün növbəti fəaliyyətləri planlaşdırırlar. Bu işlərin bir hissəsi kimi hazırda iki prioritet laydan qaz hasil etmək məqsədilə ilkin quyu qazılır. Bu quyu olduqca əhəmiyyətlidir, çünki o, hasilat vasitəsilə qiymətləndirmə aparmağa da imkan verəcək ki, bunun əsasında da gələcək işlənmə planlarını qurmaq mümkün olacaq.

Quyu mövcud “Qərbi Çıraq” platformasından qazılır və ilk qaz hasilatının 2025-ci ilin sonunadək olacağı gözlənilir.

AzVision.az





Teqlər:





Xəbər lenti