Nəşrin yazdığına görə, Trampın etimadına baxmayaraq, hələlik sülh razılaşmasının əldə olunub-olunmayacağı bəlli deyil, çünki Putin hələ də “güzəştə meyl göstərmir”. Bununla belə, agentlik hesab edir ki, Ukraynada tənzimlənmənin “geniş konturları” artıq görünür.
Daha çox ehtimal olunan “əsas ssenari”. Yaxın gələcəkdə Rusiya tərəfindən ilhaq edilmiş Ukrayna əraziləri “asılı vəziyyətdə” və Rusiyanın faktiki nəzarəti altında qalacaq. Bəzi ərazilərin, o cümlədən Ukrayna ordusunun işğal etdiyi Kursk vilayətinin bir hissəsinin mübadiləsi mümkündür. Ukrayna bir növ təhlükəsizlik zəmanəti alacaq və danışıqların əksəriyyətində bu təminatların nə dərəcədə güclü olacağı müzakirə ediləcək. Ukraynanın NATO-ya üzvlük ehtimalı hələlik istisna edildiyi üçün bu təminatlara əməl olunması gələcək siyasi liderlərin qərarlarından asılı olacaq. Avropa Ağ Evlə təmas qurmğı bacarsa, Aİ ölkələri bu istiqamətdə öz imkanlarını artırana qədər ABŞ-ni Ukraynaya dəstəyi davam etdirməyə inandıra bilərlər.
Kiyev üçün ən yaxşı olan “ideal ssenari”. Rusiya sülh sazişinin şərtlərini pozarsa, ABŞ və Avropa ölkələri müdaxilə edəcəklərinə söz verəcəklər. Lakin Rusiya ilə birbaşa münaqişə təhlükəsi hətta Ukraynanın ən qızğın tərəfdarları arasında da narahatlıq doğurur. Əvəzində Kiyevin müttəfiqləri Ukraynaya hərbi yardımı artırmaq, Rusiyaya qarşı sanksiyaları bərpa etmək və ya gücləndirmək, Ukraynanın müdafiə sənayesinin inkişafına kömək etmək və Ukrayna Silahlı Qüvvələrində islahatlar aparmağı vəd edə bilər ki, onlar Rusiya üçün əsas çəkindirici vasitəyə çevrilsinlər. Bu ssenari həm də Ukraynanın 10 il ərzində Avropa Birliyinə qoşulmasına yol aça bilər ki, bu da öz növbəsində Aİ-nin şərq cinahını gücləndirər.
Kiyev üçün ən pis və “qorxunc ssenari”. Tramp hər hansı sövdələşmə bağlanmazdan əvvəl Ukraynanın gələcəyinə marağını itirə, hərbi və maliyyə yardımını kəsə, Avropanın özünün bütün problemləri həll etməsi üçün meydandan çıxa bilər.
![]() |
Avropa danışıqlar stolu arxasında yer "tələb" edir |
“Bloomberg” agentliyi, öz növbəsində, münaqişənin mümkün sona çatması üçün Vaşinqtonun hələ də rəsmi plan təqdim etmədiyinə diqqət çəkib.
Sahil İsgəndərov
AzVision.az