Qadın sonsuzluğunun müalicəsi tibbi sığorta hesabına aparılır

   Qadın sonsuzluğunun müalicəsi tibbi sığorta hesabına aparılır
  13 Fevral 2025    Oxunub:322
Qadın sonsuzluğunun diaqnostika və müalicəsi icbari tibbi sığorta təminatına daxildir. Qadın sonsuzluğuna reproduktiv yaşda olanların təxminən 10-15 faizində rast gəlinir.
Bu barədə AzVision.az -a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Vurğulaıb ki, sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozuntuları, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir.

Qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir. Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər.

Bildirilib ki, ovulyasiya və mayalanma prosesinin normal fəaliyyətini qiymətləndirmək üçün əsas götürülən follikul stimullaşdırıcı hormon (FSH), lüteinləşdirici hormon (LH), prolaktin, estrogen, progesteron, sərbəst testosteron və tiroid stimullaşdırıcı hormon (TSH) kimi hormon səviyyələrini ölçən testlər icbari tibbi sığortanın Xdmətlər Zərfində təminata daxildir. Laborator analizlərə ureaplazma, mikoplazma, süzənək, trixomoniaz, xlamidiya və digər infeksiyaların yoxlanması daxildir. Pasiyentlər icbari tibbi sığorta ilə ixtisaslı həkim göstərişi əsasında bu tibbi yoxlanışlardan keçə bilərlər.

Reproduktiv orqanların sağlamlıq vəziyyətini qiymətləndirmək üçün əsas metodlardan digəri icbari tibbi sığorta təminatına daxil olan instrumental-diaqnostik müayinələrdir. Bunlardan ən çox müraciət olunanı USM-dir. Sonsuzluğun diaqnostik tədbirlər kompleksinə uşaqlıq boynundakı xroniki infeksiyaların əlamətlərini aşkarlamaq üçün kolposkopiya, uşaqlıq boruları keçiriciliyinin pozulmasını araşdıran histerosalpinqoqrafiya (HSG) müayinələri də daxildir. Bu müayinələr uşaqlıq boynunda yara, iltihab problemlərini, boruların keçməməzliyini, anadangəlmə quruluş pozuntularını aşkar etməyə kömək edir.

Menstrual dövrü nizamsız olan qadınlarda hipofiz vəzinin problemlərini (neyroendokrin xəstəlikləri) müəyyən etmək üçün müayinələr təyin oluna bilər. Tibbi göstəriş əsasında bu pasiyentlər kəllə və türk yəhərinin rentgen, KT və ya MRT müayinələrindən keçə bilərlər.

Əgər sonsuzluğun səbəbi anatomik anomaliyalar, törəmələr, boru keçməməzliyi və s. ilə əlaqəlidirsə, bu zaman cərrahi müdaxilələr tətbiq olunur. Bu müdaxilələr qüsurların, törəmələrin aradan qaldırılması, həmçinin reproduktiv sistemin funksionallığının bərpasına xidmət edir. Uşaqlıq polipləri, miomalar, boru keçməməzliyi və endometrioz kimi patologiyalar icbari tibbi sığorta hesabına cərrahi üsullarla (açıq, laparoskopik və ya histeroskopik) aradan qaldırılır.

Bu müayinə və müalicə metodlarından yararlanmaq üçün vətəndaşlar ilkin olaraq ailə həkiminə və ya ginekoloqa müraciət etməlidirlər. İcbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlər tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti