İlham Əliyev: Azərbaycan sabit iqtisadiyyat qurub

      İlham Əliyev:    Azərbaycan sabit iqtisadiyyat qurub
  12 Fevral 2025    Oxunub:213
Azərbaycan sabit iqtisadiyyat qurub, sabit siyasi sistemi var.
AzVision.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq xeyli iş görüb:

"Azərbaycanın müxtəlif mühitlərdə özünü rahat hiss etməsinin əsas amillərindən biri ondan ibarətdir ki, biz üzərimizə düşənlərlə əlaqədar artıq xeyli iş görmüşük. Biz sabit iqtisadiyyat qurmuşuq, sabit siyasi sistemimiz var, insanların yaşayış səviyyəsini yaxşılaşdıran çoxlu sosial proqramlar həyata keçiririk, yoxsulluq səviyyəsini təxminən 5 faizə endirməyə nail olmuşuq və müxtəlif beynəlxalq aktorlarla güclü tərəfdaşlıq və əlaqələrlə biz müəyyən vasitəçi rolunu oynayırıq”.

"Azərbaycanın hədəfi ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etmək gözlənilir" deyən dövlət başçısının sözlərinə görə, beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk.

"Biz Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və biz buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki biz hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir", - Prezident İlham Əliyev əlavə edib.

İlham Əliyev vurğulayıb ki, Azərbaycanın Orta Dəhlizlə bağlı mövqeyi, sadəcə, tranzit ölkəsi olmaq və tranzitdən ödənişlər almaqdan ibarət deyil:

"Bizim hədəfimiz özəl sektora bundan faydalanmağa kömək etmək üçün dəhlizin keçdiyi Azərbaycan ərazisində müəssisələr yaratmaqdır. Əlbəttə ki, sizin istinad etdiyiniz paneldən bəri bu sahədə, o cümlədən Çin-Azərbaycan münasibətlərində bir çox hadisələr baş vermişdir. Artıq qeyd etdiyimiz kimi, biz strateji tərəfdaşıq, lakin, eyni zamanda, Orta Dəhlizin Azərbaycan seqmentinin infrastrukturu təkmilləşdirilmişdir. Hazırda biz görürük ki, bu təkmilləşdirilmiş infrastruktur gələcək 3-5 il üçün kifayət etməyəcək".

AzVision.az



Teqlər:





Xəbər lenti