Qin Qanq səfir təyinatından əvvəl uzun illər Çin Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. O ABŞ-la yanaşı Böyük Britaniyada da səfir işləyib. Qin Qanq 2018-ci ilin sentyabrında Çin xarici işlər nazirinin müavini təyin olunub, 3 il sonra Amerikaya səfir göndərilib. Görünür, Qin Qanqın diplomatik fəaliyyətinə ölkənin lideri Si Tsinpin şəxsən nəzarət edib.
Qin Qanq səfir vəzifəsində çalışarkən dünyadakı mövcud vəziyyətlə bağlı açıqlamalar verib, məqalələr yazıb. O belə məqalələrdən birini “The National Interest” dərgisində yayımlayıb. Səfir həmin məqalədə Amerika Birləşmiş Ştatlarını dövlətləri “demokratik” və “avtoritar” hissələrə bölməməyə çağırıb. Səfir Rusiya-Ukrayna müharibəsi haqqında isə “müharibədə qaliblər olmur” ifadəsini işlədib. Qin Qanqın bu iki yanaşması onun nazir kimi siyasətini də formalaşdıracaq. Ancaq Pekinin siyasəti ilə bağlı ondan asılı olmayan məsələlər var. “ABŞ-la Çin arasındakı fərqlərə baxmayaraq, bir-birimizi dinləməyi bacarmalıyıq” deyən Qin Qanq qarşılıqlı əməkdaşlıqdan faydalanmağın vacib olduğunu bildirib.
![]() |
Hindistan Çinlə sərhədə rekord sayda hərbçi toplayıb |
Pekinin Kremllə ittifaqı gücləndirməsi də Vaşinqtonu narahat edən amillərdəndir. Rusiya və Çin liderləri bir neçə gün əvvəl telefonla danışaraq ittifaqı gücləndirmək barədə qərar veriblər. Bu baxımdan Qin Qanq Kommunist Partiyasının və ölkənin lideri Si Tsinpinin xarici siyasətdə təlimatlarını yerinə yetirəcək. Qin Qanq “müharibədə qaliblər olmur” desə də lideri Si Tsinpin “Tayvan adasını Çinə birləşdirmək üçün lazım gələrsə güc yolundan da istifadə edəcəyik” prinsipini irəli sürüb. Bu isə müharibə deməkdir.
Elxan Şahinoğlu, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri
AzVision.az