Türkiyə Yunanıstanın ərazi sularının genişlənməsinə icazə verməyəcək" - Çavuşoğlu

   Türkiyə Yunanıstanın ərazi sularının genişlənməsinə icazə verməyəcək" -    Çavuşoğlu
  29 Dekabr 2022    Oxunub:732
"Türkiyə Yunanıstanın Egeydəki ərazi sularının nə 1 mil, nə də 12 mil genişlənməsinə icazə verməyəcək".
AzVision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə axşamı Ankarada ilin yekunlarına dair mətbuat konfransında deyib.

O xatırladıb ki, Türkiyə parlamenti hələ 1995-ci ildə bu məsələ ilə bağlı dəqiq qərar qəbul edib və bu gün də qüvvədədir.

Türkiyə diplomatiyasının rəhbəri regiondakı vəziyyətə toxunaraq bildirib ki, Ankara ölkələr və beynəlxalq strukturlarla fəal əlaqələri davam etdirir.

“Biz BMT, ABŞ, Rusiya, İraq və Bəşər Əsəd rejimi ilə müzakirələri davam etdiririk. Sözün əsl mənasında bir gün əvvəl Türkiyə Müdafiə Nazirliyinin və kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvada idilər. Mən özüm də tezliklə rusiyalı həmkarım Sergey Lavrovla danışıqlar aparacağam”, - Çavuşoğlu bildirib.

Türkiyəli nazirin sözlərinə görə, son bir ildə beynəlxalq aləmdə qeyri-sabitlik artıb.

“Rusiya və Ukrayna arasındakı müharibə və ondan irəli gələn ərzaq və enerji böhranları qlobal iqtisadi durğunluğa və inflyasiyanın artmasına səbəb olur. Bir sıra xroniki beynəlxalq problemlər bəşəriyyətin gündəmində qalmaqdadır. Afrika, Balkanlar və Cənubi Qafqaz, Əfqanıstan, Liviya, Yəmən, Fələstin və Livandakı problemlər, iqlim dəyişikliyinin və pandemiyanın təsirləri, həmçinin terrorizm və ksenofobiyanın təzahürləri - bu, zəmanəmizin çağırışlarının kiçik bir siyahısıdır”, – diplomatiya rəhbəri bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti