Asiyalı qadınlar avropalı həmkarlarını nədə və necə keçib?

// Necə olur ki, az işləsələr də çox qazanırlar

 Asiyalı qadınlar avropalı həmkarlarını  nədə və necə keçib?
  28 Dekabr 2022    Oxunub:4803
Tarixdə ilk dəfə Asiya qitəsinin qadınları Şimali Amerika istisna olmaqla bütün bölgələrdəki qadınlardan daha çox sərvətə sahibdirlər. 2021-ci ilin sonlarından başlayaraq Qərbi Avropalı həmkarlarını üstələyən asiyalı qadınların sərvəti də sürətli şəkildə artır.
"Boston Consulting Group"un Yaponiyadan başqa Asiya ölkələrindəki apardığı təhlilə əsasən bu qitədəki qadınların 2026-cı ildə 27 trilyon dolları olacaq və Qərbi Avropa ilə sərvət fərqi 6 trilyon dolları keçəcək. 2019-cu və 2026-cı illər arasında təxmin edilən sərvət artım tempi 10,6 faizdir. Şimali Amerika üçün bu göstərici 8,3 faiz, Qərbi Avropa üçün isə 5,8 faizdir.

Hesabata əsasən, Asiyadakı qadınlar 2019-cu ildən bəri hər il ümumi sərvətlərinə 2 trilyon dollar əlavə edirlər. Təhlildə qarşılıqlı fondlar, həyat sığortası, pensiyalar, listinq edilmiş və kotirovkasız və digər səhmlər, depozitlər, istiqrazlar kimi maliyyə aktivləri nəzərə alınır. Yaponiyanın istisna edilməsinə səbəb burada qadınların müqayisə olunduqları iqtisadiyyatlara və bazarlara nisbətən ölkənin sərvətinin kiçik bir hissəsinə sahib olmalarıdır. Yaponiyada qadınların sərvəti çox yavaş, 2,6 faiz artır. Bunun səbəbi Yaponiyanın digər Asiya ölkələri ilə müqayisədə daha sərt patriarxal cəmiyyət sisteminə malik olmasıdır. Ancaq vurğulamaq lazımdır ki, bu sərvət artımı ümumiyyətlə qadınlar üçün şəraitin yaxşılaşdığı anlamına gəlmir.

Ümumdünya Bərabərsizlik Bazasına görə, ən zəngin olan 10 faizlik kəsim dünyadakı bütün sərvətlərin 60 faizindən çoxuna sahibdir. Siyahıda ən aşağıda olan 50 faiz zən gin isə dünya sərvətinin 5 faizini əlində cəmləyib. Asiyanın və dünyanın ən çox əhalisi 9olan Çin və Hindistanda bu uçurum getdikcə dərinləşir.

"Willis Towers Watson"un 2022-ci il Qlobal Aktiv Kapital Hesabatına görə, Asiyada qadınlar kişilərin pensiya yaşına qədər topladığı sərvətin 74 faizinə qədər qənaət edə bilirlər. Başqa sözlə, orta hesabla Asiyalı kişinin 1 milyon dollar əmanətlə təqaüdə çıxdığı ssenaridə orta asiyalı qadın 740.000 dollara çata bilər.

Bəs asiyalı qadınlar avropalı həmkarlarını necə üstələyib? Burada bir detala baxmaq lazımdır. "Forbes"in milyarderlər siyahısındakı asiyalı qadınların sayı 2010-cu ildə cəmi 13 nəfər idi. 2022-ci ildə bu rəqəm 92-yə yüksəldi. Hindistanlı jurnalist və yazıçı Şreya Raman vəziyyəti və ümumilikdə regionda artan bərabərsizliyi şərh edərək deyir: “Son bir neçə onillikdə yeni texnologiyalar, qloballaşma və bazar yönümlü islahatlar iqtisadi artımı sürətləndirdi, lakin bərabərsizliyin miqyası həm də böyüdü”.

Digər tərəfdən, kasta sistemi kimi sosial ayrı-seçkiliyin formaları da Cənubi Asiyada bərabərsizlikdə mühüm rol oynayır.

Eyni zamanda, hesabatlar göstərir ki, Asiyalı qadınların təxminən 75 faizi qeyri-rəsmi, aşağı maaşlı və sosial müdafiəyə çıxışı olmayan sektorda çalışır. Banqladeş, Çin, İndoneziya, Hindistan, Pakistan, Sinqapur, Tayland və Vyetnama yönələn təhlili göstərir ki, qadınların əmək gəlirlərindəki payı yalnız Çində azalıb. Çində qadınlar 1991-ci ildə ölkənin əmək gəlirlərinin təxminən 40 faizini formalaşdırırdı. Bu pay 2019-cu ildə 33,4 faiz azalıb. Ümumiyyətlə, qitəni ayrı-ayrı ölkələrində rəqəmlərdə fərqlər var. Pakistanda qadınların əmək gəlirlərindəki payı 2019-cu ildə 7,4 faiz, Vyetnamda isə eyni nisbət 42 faiz olub.

Digər tərəfdən, qadınların iqtisadi güclənməsinin göstəriciləri arasında təhsil səviyyəsi, nikah yaşı və uşaqların sayı kimi meyarlar var. Yuxarıdakı səkkiz ölkənin hamısında qadınlar gec evləniblər və orta hesabla daha az uşaqları var. 1990-cı illərdən etibarən regionda orta təhsildən sonra ali təhsil alan qadınların nisbəti də artıb.

Lakin bu rekordlar işçi qüvvəsinin sayındakı artıma təsir etməyib. Çində işçi qüvvəsində qadınların sayı 1991-ci ildən bəri davamlı olaraq azalmaqdadır. Hindistanda isə azalma 2005-ci ildən bəri kəskin şəkildə müşahidə olunur. Bunda qadınların ödnişsiz əməyindən istifadə mühüm rol oynayır. Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, bütün dünyada ödənişsiz qulluq işinin 76 faizini qadınlar yerinə yetirir və bu məqamda kişilərə nisbətən üç dəfədən çox vaxt sərf edirlər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti