"Ruslar gələn il bizi ilhaq edəcək, Naxçıvana dəhliz verəcəklər" - Ayrapetyan

 "Ruslar gələn il bizi ilhaq edəcək, Naxçıvana dəhliz verəcəklər" -    Ayrapetyan
  28 Dekabr 2022    Oxunub:1298
Dəhliz böhranı dərinləşdikcə, erməni cəmiyyətində pessimizm daha da çoxalır. Siyasi şərhçilər, partiya rəhbərləri, fəallar İrəvanın daxildə olduğu kimi xarici siyasətdə də səbatsız davranışlar sərgiləməsindən gileylənirlər.
Bu mövzuda Rusiyanı tənqid edənlər də az deyil. Məsələn, siyasi fəal Samvel Ayrapetyan iddia edib ki, Rusiya tezliklə Ermənistanı SSRİ dövründə olduğu kimi yenidən zəbt edəcək.

- 2023-cü il Ermənistan üçün 2020-ci ildən daha ağır, olduqca çətin bir il olacaq. Rusiya Federasiyası hətta Ermənistan ərazisindən Azərbaycan üçün Naxçıvana dəhliz verməyə hazırlaşdığını gizlətmir. Bir çoxunuz bu fikirlərimi oxuyanda belə deyəcəksiniz - Rusiya kimdir ki, gəlib bizim ölkəmizin ərazisində başqası üçün dəhlizi təmin etsin? Amma inanın ki, reallıq bu düşnücənizlə dəyişməyəcək, - Ayrapetyan qeyd edib.

Onun sözlərinə görə, hazırda Ermənistan daxilində kifayət qədər gərgin ab-hava hökm sürür və ermənilər 1920-ci ilin dekabrında rus ordusunun İrəvana daxil olaraq bizi işğal etməsinə yenidən hazır olmalıdırlar.

"Rusiyaya birləşək, bizi də Ukraynada "ətçəkən maşına" salsınlar" - Sarkisyan
- Hətta Rusiya bizim üçün oxşar ssenari hazırlayacağını gizlətmir. Bu, artıq ölkəmizdə ən yüksək və rəsmi səviyyədə müzakirə olunub. İndi Moskvanın Ermənistanın üçüncü dövlətini məhv etmək və onu ilhaq etmək üçün həmişəkindən yaxşı fürsəti var. Mən Rusiyanın bu fürsəti əldən verəcəyini düşünmürəm.

Təbii ki, onlar 1920-ci ildə olduğu kimi şəhərə hərbi texnika ilə sərbəst şəkildə daxil ola bilməzlər. Əksinə, bununla ölkədə böyük narazılıq dalğası yarada bilərlər. Xüsusən də hazırkı durumda əhalinin əksəriyyətinin həm indiki, həm də əvvəlki hakimiyyətdən narazı olduğu bir vaxtda real deyil. Bircə onu deyə bilərəm ki, Rusiyanın öz adamını İrəvanda hakimiyyətə gətirib Ermənistanı ittifaq dövlətinə salmasına çox az qalıb.

Bu gün həmişəkindən daha çox ölkəmizə sahib çıxmalıyıq. Bu isə çətin dövrlərə, sıxıntılara, iqtisadi və enerji blokadalarına, bəlkə də genişmiqyaslı müharibəyə hazırlaşmaq deməkdir. Amma asan yolu seçsək, Ermənistanımızı, dilimizi, yazımızı, tariximizi, müstəqilliyimizi, azadlığımızı itirəcəyik. İttifaq dövləti olsaq, bu gün Rusiyanı məhv etməyə çalışan bütün ölkələr bizdən də üz döndərəcəklər. Hesab edirəm ki, indi Rusiyanı dəstəkləyən ölkələrə tətbiq edilən bütün sanksiyalar ölkəmizə də tətbiq olunacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Ermənistan  





Xəbər lenti