MMX əməkdaşı ilk dəfə beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçildi

MMX əməkdaşı ilk dəfə beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçildi
  30 Yanvar 2020    Oxunub:2924
Maliyyə Monitorinqi Xidməti (MMX) məlumat mübadiləsinin genişləndirilməsi, habelə kadr potensialının gücləndirilməsi məqsədilə çoxtərəfli və ikitərəfli çərçivədə əməkdaşlığını uğurla davam etdirir.
MMX-dən Azvision.az -a verilən məlumata görə, dünyanın Maliyyə Monitorinqi Orqanlarının (MMO) ixtisaslaşmış beynəlxalq təşkilatı olan “Eqmont” qrupunun toplantılarında MMX-nın əməkdaşları fəal iştirak edirlər.

"Təşkilatın 2020-ci ilin 27-30 yanvar tarixlərində Mavriki Respublikasının Balaklava şəhərində keçirilmiş tədbirində MMX-nın Əməkdaşlıq Departamentinin direktoru Fuad Əliyev “Eqmont” qrupunun əsas və strateji strukturlarından biri olan “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun sədr müavini seçilib. Fuad Əliyev “Eqmont” qrupu üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin keçirilməsində birbaşa iştirak edəcək. Azərbaycan Respublikasının nümayəndəsi ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilir. Bu nailiyyət ölkə başçısı tərəfindən müvafiq sahədə aparılan genişmiqyaslı islahatların nəticələrinin beynəlxalq təşkilatlar tərəfindən dəyərləndirilməsinin bariz nümunəsidir".

Qeyd edək ki, MMO-lar arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış, baş qərargahı Kanadanın Toronto şəhərində yerləşən “Eqmont” qrupu çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə 164 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır. MMO-ların terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə milli və beynəlxalq təşəbbüsləri dəstəkləməsi “Eqmont” qrupunu xüsusilə aktuallaşdırır, bu təşkilatı çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq səviyyədə məlumat mübadiləsi aparan etibarlı bir platformaya çevirir. Qurum bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurası, G20 ölkələrinin maliyyə nazirləri və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun qətnamələrini və bəyanatlarını dəstəkləyir.

Məlumatda qeyd edilib ki, Azərbaycan “Eqmont” qrupunun 2011-ci ilin 11-15 iyul tarixlərində keçirilmiş 19-cu plenar iclasında qəbul edilmiş qərarla bu təşkilatın tamhüquqlu üzvü seçilib. “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MMO-lar tərəfindən çirkli pulların leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı beynəlxalq standart və üzvlük meyarlarına uyğunluğu təmin edən strukturdur.

Azvision.az


Teqlər:





Xəbər lenti