Azərbaycanda “Formula-1” və AVRO-2020 ilə bağlı turpaketlər hazırlanır

  27 Yanvar 2020    Oxunub : 1568
Azərbaycanda “Formula-1” və AVRO-2020 ilə bağlı turpaketlər hazırlanır
Bu il Bakıda keçiriləcək iki böyük beynəlxalq tədbir zamanı ölkəyə gələcək turistlərin vaxtlarını daha səmərəli keçirmələri üçün iş aparırıq.

Bunu Azvision.az -a açıqlamasında Turizm İnformasiya Mərkəzinin ( BTİM) direktoru Rüfət Bağırov deyib. Onun sözlərimə görə, "Formula- 1" yarışları və futbol üzrə Avropa çempionatının bəzi oyunlarının Bakıda keçirilməsi ilə əlaqədar ölkəmizə gələn turistlərin sayında artım olacaq.


R.Bağırovun sözlərinə görə, əcnəbi turistlər üçün yeni turpaketlər, turist məhsulları hazırlanır ki, xarici ölkə vətəndaşları yalnız futbol oyununa və ya "Formula-1" yarışına baxmaqla kifayətlənməsinlər.

"Çalışırıq ki, əcnəbilər bizim turlardan istifadə edib, Bakı ilə tanış olsunlar və regionlarımıza da səfər etsinlər. Turist Azərbaycana səfər zamanı vaxtını planlaşdırır. Biz turları hazırlayıb, veb səhifələrdə yerləşdirəcəyik, həm də turizm şirkətlərinə təqdim edəcəyik. Turistlər bununla tanış ola biləcəklər. Turlar ola bilər ki, 4-5 saat ərzində turist İçərişəhər, Atəşgah, Qobustan gəzintisində olsun. Tarixi abidələrə ziyarət, dəniz turu da mümkündür. "Formula -1" yarışının seyirciləri imkanlı şəxslərdir və onlar üçün balıq kürüsünü dadmaq maraqlı olar. Hər bir müştəri seqmentinə uyğun turlar hazırlanır ki, onlar özlərinə uyğun olan turu seçə bilsinlər".

Mərkəz direktoru qeyd edib ki, Bakıda hərəkət edən ikimərtəbəli tur avtobuslarında müxtəlif xarici dillərdə Bakı ilə bağlı məlumatlar yerləşdiriləcək: "2020-ci ildə həyata keçiriləcək kifayət qədər layihələr var".

R.Bağırov əlavə edib ki, Bakıda turistləri yerləşdirmək üçün hər bir şərait mövcuddur, heç bir problem ola bilməz.

Aytən Zəhra
Azvision.az

Teqlər: Turizm   Bakı