Davos Forumu Azərbaycan üçün niyə önəmlidir? - Professor rəyi
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı Elşad Məmmədov Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyətini Azvision.az -a şərh edərkən deyib.
E.Məmmədov Dünya İqtisadi Forumunun Azərbaycanda regional mərkəzinin yaradılmasının ölkəmiz üçün əhəmiyyətli olacağını vurğulayıb.
“Regional mərkəz potensial investorların ölkəmizə marağının artmasına xidmət etməlidir. Bu gün dünya iqtisadiyyatında bütövlükdə xarici investisiyaların əksər hissəsi texnologiyalarla, birbaşa investisiyalarla bağlı deyil. Texnologiyaların idxalından fayda görə bilərik. Hədəfimiz də məhz bundan ibarət olmalıdır ki, ölkəyə texnologiyaların idxalını təmin edək. Bu üsulla ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyini artıra bilək”.
İqtisadçı hesab edir ki, Azərbaycan üçün prioritet qeyri-neft və real sektorun inkişafıdır: “Ölkədə sənayeləşmə ilə bağlı ciddi təlabat var və dövlət başçısı ölkə iqtisadiyyatının modernləşməsi üçün ciddi islahatlara gedir. Bütövlükdə yüksək texnoloji sektorun müasirləşməsi, modernləşməsi ölkəmizə ciddi töhfələr verə bilər. Hazırda bu məsələlər təhlil edilməlidir. Bunun əsasında milli iqtisadiyyatımızın maraqlarına uyğun şəkildə xarici investisiyaların birbaşa invesitisayalar və ya texnologiyalar şəklində ölkəmizə daxil olmasına şərait yaratmalıyıq”.
Qeyd edək ki, İsveçrənin Davos şəhərində 50-ci Dünya İqtisadi Forumu keçirilir. 21-24 yanvar tarixlərini əhatə edəcək iqtisadi forumda 50-dən çox ölkə Prezident və Baş Nazir səviyyəsində təmsil olunur.
Azərbaycan Prezidenti İlham Əliyev də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak edir. Ölkə başçısı səfər çərçivəsində bir sıra mühüm görüşlər keçirib.
Aytən Zəhra
Azvision.az